Xaçmaz rayonunda FHN işçilərinin peşə bayramı qeyd edilib.
İştirakçılar əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Fövqəladə Hallar Nazirliyinin işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. İcra başçısı qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində öz fəaliyyətini uğurla davam etdirir.
Qeyd edilib ki, baş verə biləcək hər hansı fövqəladə hadisə barədə vətəndaşların vaxtında xəbərdar edilməsi, onun qarşısının alınması və nəticələrinin operativ surətdə aradan qaldırılması istiqamətində FHN-in şəxsi heyəti səylə çalışır.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıq ifadə ediblər.
Sonda Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarında çalışan bir qrup əməkdaş Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib.