Bakı. Trend:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “İdrak” İctimai Birliyinin birgə təşkil etdikləri “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forum öz işini uğurla yekunlaşdırıb.
Bağlanış nitqi ilə çıxış edən Aİİ rektoru Aqil Şirinov ikigünlük forumun önəmli mövzuya həsr olunduğunu qeyd edərək, tədbirin işinə qatılan elm adamlarına təşəkkürünü bildirib. O, qeyd edib ki, Forumun əsas mövzusu və istiqamətlərini özündə ehtiva edən məruzələr – MDB dövlətlərindən və dünyanın bir çox ölkəsindən islamşünaslıq sahəsində tanınmış tədqiqatçı alimlərin çıxışları gələcəkdə kitab şəklində çap olunacaq.
A.Şirinov İslam dünyasında elmin inkişafı, MDB ölkələrində İslamşünaslığın mövcud vəziyyəti və onun inkişaf perspektivləri barədə də söhbət açıb.
Sovet dövründə ölkəmizdə din siyasəti haqqında danışan Aİİ rektoru müasir Azərbaycanda Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində həyata keçirdiyi siyasi kursun hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. A.Şirinov vurğulayıb ki, ölkəmiz dünyada dinlərarası dialoqun və tolerant dəyərlərin mövcud olduğu məkan kimi tanınır.
“İdrak” İctimai Birliyinin sədri cənab Rüfət Quliyev bağlanış mərasimində çıxış edərək, tədbirin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib. Qeyd edib ki, “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda baş tutan beynəlxalq forum müxtəlif millətlərə məxsus olan alimlərlə tanış olmağımıza fürsət yaratdı.
Gürcüstan Parlamentinin deputatı Tariel Nakaidze forum təşkilatçılarına təşəkkürünü bildirib. O, tədbirdə dinlənilən məruzələrin hər birini yüksək qiymətləndirib. Qeyd edib ki, “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunun müxtəlif aspektlərdən araşdırıldığının şahidi olduq.
Tədbirin sonunda qonaqlara hədiyyələr təqdim olunub.