Bakı. Trend:
Rusiya Federasiyasının Müsəlman Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun (Mİİ) rektoru, professor Damir Muxetdinov Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.
Aİİ rektoru, dosent Aqil Şirinov D.Muxetdinovu salamlayaraq, qonağı ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Daha sonra İnstitutun hazırkı fəaliyyəti, tədris prosesi, təhsilalanlar barədə geniş məlumat verib.
A.Şirinov imzalanan əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilə biləcək layihələr barədə danışıb, təkliflərini səsləndirib.
Daha sonra Rusiya Federasiyasının Müsəlman Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov Mİİ-də aparılan elmi tədqiqatlar haqqında geniş məlumat verib. O, əməkdaşlıq memorandumu çərçivəsində tələbə mübadiləsi, bir sıra digər layihələrin həyata keçirilməsinin mümkünlüyünü ifadə edib.
Görüşdən sonra “Müasir İslam düşüncəsi” mövzusunda seminar təşkil olunub. Aİİ əməkdaşları və tələbələrinin iştirakı ilə baş tutan tədbirdə Mİİ rektoru Damir Muxetdinov və Aİİ rektoru Aqil Şirinov çıxış ediblər.
Seminarda Allahın varlığı, fərqli Tanrı təsəvvürləri, İslam düşüncəsində müxtəlif məktəblərin rolu, radikallaşma və digər mövzular haqqında bəhs olunub.