...

Akademik Roald Saqdeyevin 90 illik yubileyi qeyd olunub (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2022 18:00 (UTC +04:00)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) və ADA Universitetinin təşkilatçılığı ilə akademik Roald Saqdeyevin anadan olmasının 90 illiyinə həsr edilmiş beynəlxalq multidissiplinar konfrans keçirilib.

BDU-dan Trend-ə bildirilib ki, konfransın açılış mərasimində çıxış edən rektor Elçin Babayev akademik Roald Saqdeyevin əfsanəvi şəxsiyyət olduğunu vurğulayıb və onun həyatı, elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Rektor diqqətə çatdırıb ki, ABŞ-ın Merilend Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev Azərbaycanda kosmik sahədə tədqiqatlara böyük töhfələr vermiş şəxsiyyət, Kosmik Məsələlər üzrə Şuranın üzvüdür. Qeyd edib ki, milliyyətcə tatar olan Roald Saqdeyev 36 yaşında SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilən ən gənc şəxslərdən biridir: “1984-cü ildə o, toroidal plazmada daşınma proseslərinin neoklassik nəzəriyyəsinin əsaslarının yaradılmasında nailiyyətlərinə görə 2 dəfə Lenin mükafatına layiq görülüb. Roald Saqdeyev SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun direktoru kimi “Kosmos”, “Proqnoz”, “İnterkosmos”, “Meteor” və “Astron” proqramları kimi bir neçə tədqiqat layihəsinə rəhbərlik edib. Roald Saqdeyev 1986-cı ildə Halley kometinə dair beynəlxalq tədqiqat proqramındakı fəaliyyətinə və uğurlarına görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1988-ci ildə Fransada "İlin adamı" adını alıb. Görkəmli alim 1990-cı ildən Merilend Universitetinin professorudur. ABŞ Milli Akademiyasının, Amerika İncəsənət və Elmlər Akademiyasının, İnkişaf etməkdə olan Ölkələr Elmlər Akademiyasının (TWAS), Macarıstan Elmlər Akademiyasının və İsveç Kral Elmlər Akademiyasının üzvüdür. Görkəmli alim, həmçinin Nüvə Fəlakətinin Qarşısının Alınması üzrə Beynəlxalq Lüksemburq Forumunun Müşahidə Şurasının üzvüdür. O, hazırda qlobal strategiya firması olan “Albright Stonebridge Group”da baş məsləhətçidir”.

Son illər BDU və ADA Universiteti arasında çox yaxşı işbirliyi yarandığını qeyd edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə hər iki universitetin bir çox layihələrdə birgə fəaliyyət göstərdiyini deyib. Fariz İsmayılzadə akademik Roald Saqdeyevi “Azərbaycanın böyük dostu” adlandırıb və bu dostluğun yaranmasında Azərbaycanın görkəmli ziyalıları – ADA Universitetinin rektoru professor Hafiz Paşayevin, Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevin xidmətlərini diqqətə çatdırıb: “2023-cü ildə Bakıda 5 minədək alimin iştirakı ilə Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. Bu tədbirin təşkilatçılığında akademik Roald Saqdeyevin böyük rolu var. Görkəmli alim, həmçinin ADA Universitetində İT və mühəndislik fakültəsinin yaranmasında, Amerika universitetləri ilə birgə magistr proqramlarının imzalanmasında, Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılmasında da mühüm xidmətlər göstərməkdədir. Roald Saqdeyevin bu xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir”.

Milli Aviasiya Akademiyasının kafedra müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti professor Əhəd Canəhmədov isə Roald Saqdeyevin ölkədə kosmik sənayenin inkişafına verdiyi töhfələrin əvəzsiz olduğunu bildirib.

Tədbirdə Roald Saqdeyevin həyatı və elmi fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Daha sonra “Sıxılmış nüvə maddəsi ifrat yüksək enerjili kosmik zərrəciklərin mənbəyi ola bilərmi?”, “Kosmos-kosmik tədqiqatlara bağlı tale”, “Yeni ulduzlardan planetar dumanlıqlara doğru”, “Ag-Ag2S-CdS əsaslı hibrid nanokatalizatorlar vasitəsilə fotokatalitik deqradasiya prosesinin tədqiqi” mövzularında məruzələr dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti