...

Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş tədbir təşkil edilib (FOTO)

Cəmiyyət Materials 28 Dekabr 2022 12:14 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 18 dekabr – Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş tədbir təşkil edilib.

Tədbir İnstitutun IV tədris ilində təhsil alan tələbə Murad Kərəmovun təqdimatında Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən İnstitutun rektoru, dosent Aqil Şirinov tədbir iştirakçılarını salamladıqdan sonra, ərəb dilinin əhəmiyyətindən, onun müqəddəs Qurani-Kərimin dili olmasından, habelə İslam sivilizasiyasının hakim dili olmasından danışıb. O, qeyd edib ki, söz ehtiyatına görə, dünyanın ən zəngin dillərindən hesab edilən ərəb dili digər dillərə də öz təsirini göstərib. Orta əsrlərdə başqa dillərdən də ərəb dilinə xeyli kitab tərcümə edilmiş və bununla da ərəb dili daha da zənginləşmişdir. A.Şirinov ərəb dilini bilmədən “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisaslarında dərin bilik əldə etməyin, islami irsimizin dərin köklərini araşdırmağın mümkün olmadığını bildirib.

Tədbirin moderatoru, İnstitutun Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu təsis edildikdən sonra fasiləsiz olaraq, hər il Beynəlxalq Ərəb Dili Gününü müxtəlif formatlarda qeyd edib. O, keçirilən tədbirlər haqqında geniş məlumat verərək bildirib ki, ötən dövr ərzində “Ərəb dili elmin, dinin və mədəniyyətin dilidir” mövzusunda beynəlxalq elmi konfrans, “Ərəb dili ilahi mənanın ifadəsi kimi” adlı seminar və digər müzakirələr təşkil edilib.

Sonda ali təhsil müəssisəsində ərəb dili ilə bağlı fəaliyyəti özündə əks etdirən film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti