Bakı. Trend:
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi tibb və Hərbi feldşer işi ixtisasları üzrə 2023/2024-cü tədris ili üçün qəbul qaydaları açıqlanıb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qaydalar aşağıdakı kimidir:
I.ÜMUMİ MÜDDƏALAR
Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Hərbi tibb və Hərbi feldşer işi ixtisası üzrə
Hərbi Tibb Fakültəsinə qəbul üçün keçiriləcək test
imtahanına hərbi həkim komissiyasından hərbi xidmətə yararlı qərarı
ilə keçmiş namizədlər buraxılır.
Təhsil müddəti:
Hərbi tibb ixtisası - 6 il
Hərbi Tibb Fakültəsinə qəbul olan şəxslər ödənişsiz əsaslarla
təhsil alırlar.
Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər
4-cü kursadək təhsil aldıqdan sonra hərbi andı
qəbul edirlər və bütün növ təminatlarla təmin edilirlər.
Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər
4-cü kursadək ayda 90 AZN, son 2 ili isə ayda 181
AZN məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən
əlaçı kursant və tələbələrin aylıq müavinətlərinə müvafiq qaydalara
uyğun əlavələr edilir.
Hərbi feldşer işi ixtisası üzrə:
Təhsil müddəti - 3 il
Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb
Fakültəsinə qəbul olanlar təhsil müddətində bütün təminat
növləri ilə təmin olunur və ayda 243 AZN məbləğində müavinət
alırlar.
Yaş həddi: Hərbi tibb və Hərbi feldşer işi
ixtisası üzrə Hərbi Tibb Fakültəsinə cari ildə
ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş,
qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam
olmayan, habelə 18 yaşından 23 yaşınadək
müddətli həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəli Azərbaycan
Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.
II. SƏNƏDLƏRİN QƏBULU
Hərbi tibb və Hərbi feldşer işi ixtisası üzrə
Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən
namizədlər 1 aprel 2023-cü il tarixindən 30 aprel 2023-cü
il tarixinədək ərizə ilə fakültə rəisinə müraciət
etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– abituriyentin təsdiq olunmuş elektron ərizəsindən çıxarış;
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxə və çap edilmiş
2 nüsxədə);
– oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən)
verilmiş xasiyyətnamə;
– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş
surəti (cari ilin məzunları üçün arayış);
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial
qaydada təsdiq edilmiş surəti;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş
surəti (evli olduqda);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada
təsdiq edilmiş surəti (uşaq olduqda);
– ailə tərkibi və yaşayış yeri haqqında arayış;
– rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 6 ədəd 3x4sm və 2 ədəd
4.5x6sm ölçüdə;
– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya
qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq
ərizələri;
– elektrokardioqramma;
– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair
müayinələrinin nəticələri;
– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin
nəticələri;
– sidiyin ümumi analizi;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən
(kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi
qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli
namizəd tərəfindən şəxsən təqdim edilir.
Qeyd: Namizədlər hər hansı səbəbdən Hərbi Tibb
Fakültəsindən xaric edilərlərsə Azərbaycan Tibb Universitetindən
xaric ediləcəkləri və ali təhsilə bərpa edilməyəcəkləri barədə
öhdəlik götürürlər.
III. HƏRBİ TİBB FAKÜLTƏSİNƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA
KEÇİRİLİR
Namizədlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi
Poliklinikasında hərbi həkim komissiyasından
keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd
qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi
həkim komissiyasından Heydər Əliyev adına Hərbi
Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı
qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan
Mərkəzinə göndərilir.
Hərbi tibb ixtisası üzrə:
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən
keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanları IV
ixtisas qrupunun fənləri üzrə keçirilir.
Hərbi feldşer işi ixtisası üzrə:
Namizədlərin Hərbi Tibb Fakültəsinə qəbulu müvafiq
tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı
verən abituriyentlərin buraxılış imtahanında, digər
abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul
imtahanında əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan
Mərkəzi tərəfindən həyata keçirilir.
Qəbul imtahanının tarixi Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi tərəfindən
müəyyənləşdirilir.
Sənədlər Azərbaycan Tibb Universitetinin Hərbi Tibb
Fakültəsində qəbul olunur.
Ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi 3.
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının ərazisi. (əlaqə
telefonu: 012-431-39-73).
Naxçıvan Muxtar Respublikasında yaşayanlar
sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə
(Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 036-544-00-15,
036-544-00-16).