Bakı. Trend:
Milli Məclis Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2022-ci il üzrə məruzəni təsdiq edilb.
Trend-in məlumatına görə, məruzə parlamentin bu gün keçirilən iclasında müzakirə edilib.
Məruzədə qeyd edilib ki, 2022-ci il ərzində yerli büdcə
vəsaitlərinin səmərəli istifadə olunması, bələdiyyə əmlakının (o
cümlədən torpaqların) idarə edilməsi sahəsində qanunçuluğun və
şəffaflığın təmin edilməsi, korrupsiyaya və digər hüquqpozmalara
şərait yaradan halların qarşısının alınması üzrə inzibati nəzarət
qaydasında tədbirlər görülüb.
2022-ci ildə inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 14
min ha torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə
aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən
bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.
2022-ci il ərzində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 95.466 (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində-2.848) bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 91.307 (95,6%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib.
Müzakirələrdən sonra məruzə səsverməyə qoyularaq təsdiq edilib.