Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov IV kurs tələbələri ilə görüşüb.
Aİİ rektoru məscidlərdə təcrübə keçən tələbələrə uğurlar arzulayıb. Onlara tövsiyələrini bildirib. Qeyd edib ki, gələcəkdə məscidlərdə imam kimi fəaliyyət göstərəcək məzunlarımız dövlətimizin suverenliyi, xalqımızın dini maariflənməsi istiqamətində səylə çalışmalıdırlar. Bildirib ki, ali təhsil müəssisəsinin məqsədi sizin timsalınınızda cəmiyyətə savadlı, yüksək intellektə, geniş dünyagörüşünə malik, sağlamdüşüncəli, Vətənini sevən, milli məfkurəyə sahib, milli-mənəvi dəyərlərimizi qoruyan din xadimləri və dinşünas mütəxəssislər təqdim etməkdir.
Ali təhsil müəssisəsinin rəhbəri tələbələrə İnstitutda təşkil edilən ödənişsiz İslam əqaidi üzrə ərəbcə klassik dini mətnləri oxuma, fiqh, ərəb və ingilis dilləri üzrə kurslarda fəal iştirak etməyə səsləyib.
İnstitutun dövlətin diqqət və qayğısı ilə tam əhatə olunduğunu diqqətə çatdıran rektor vurğulayıb ki, tələbələrimiz bu imkanlardan istifadə etməli, biliklərini təkmilləşdirərək yüksəkixtisaslı kadrlar kimi yetişməlidirlər.
Daha sonra tələbələri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Aİİ tələbələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində və məscidlərdə təcrübə keçirlər.