...

DSMF bu ilin ilk aylarında beş beynəlxalq mükafatla təltif olunub

Cəmiyyət Materials 30 Mart 2023 12:02 (UTC +04:00)
DSMF bu ilin ilk aylarında beş beynəlxalq mükafatla təltif olunub

Bakı. Trend:

Son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) aparılan geniş miqyaslı islahatlar Fondun fəaliyyətində inzibati idarəçiliyin əhaliyə xidmət modeli ilə əvəzlənməsinə, müasir və effektiv, mərkəzləşmiş iş mexanizmlərinin geniş tətbiqinə imkan verib. İnnovativ həllər üzərində Fondun əhaliyə çevik və şəffaf, proaktiv və əlçatan xidmətlər sistemi qurulub.

DSMF-nin bu uğurlu islahat təcrübələri beynəlxalq səviyyədə də böyük maraqla qarşılanaraq yüksək dəyərləndirilir. Bunun növbəti göstəricisi olaraq Fond bu ilin ilk aylarında daha beş beynəlxalq mükafat əldə edib, o cümlədən:

  • “Wealth and Finance International” korporasiyasının (Böyük Britaniya) təşkil etdiyi “Retirement Planning Awards 2023” beynəlxalq müsabiqəsində qalib gələrək müstəqil beynəlxalq münsiflərin qərarı ilə “Sosial təminat sahəsində islahata görə 2023-cü ilin Mükəmməllik Mükafatı”na,
  • “International Professional Trade Exhibition & Meeting Planner” qurumunun təşkil etdiyi beynəlxalq mükafat müsabiqəsində qalib gələrək Public Service Innovation Asia Jury Committee tərəfindən Qızıl Mükafata,
  • “Malaysian International Association of Creativity & Innovation” qurumu tərəfindən Xüsusi Mükafata,
  • “International Innovation Awards 2023” kateqoriyası üzrə Malayziyanın Malaya Universiteti tərəfindən Xüsusi Mükafata,
  • “iESE – The Public Sector Transformation Partner” beynəlxalq qurumunun (Böyük Britaniya) təşkil etdiyi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində qalib gələrək “Mükəmməllik Sertifikatı, 2023-cü ilin Qalibi” mükafatına

layiq görülüb.

Qeyd edək ki, DSMF ötən il də beş beynəlxalq mükafatla (Böyük Britaniyada keçirilən beynəlxalq müsabiqənin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının mükafatı və 2 Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı) təltif olunmuşdu. Beləliklə, DSMF keçən il və bu ilin ötən dövründə ümumilikdə 10 beynəlxalq mükafatla təltif olunub.

Malayziyada 67 ölkədən 658 işi əhatə edən beynəlxalq müsabiqədə 3 mükafatla təltif olunan DSMF-nin bu mühüm uğurları nəzərə alınaraq “International Professional Trade Exhibition & Meeting Planner” təşkilatı Fonda “MTE Technology Expo 2023” sərgisində (Malayziya) öz nailiyyətlərini təqdim və təşviq etmək imkanı yaradıb.

30 ildən artıqdır ki, fəaliyyət göstərən DSMF bununla da ilk dəfə olaraq beynəlxalq sərgidə iştirak edib.

Həmçinin “Wealth and Finance International” (Böyük Britaniya) korporasiyası “Retirement Planning Awards 2023” müsabiqəsinin nəticələrinə dair məlumatı gələn ay öz veb-səhifəsində yerləşdirəcək. Təşkilatın 65 mindən çox tirajla nəşr edəcəyi “Retirement Planning Awards” adlı illik mətbu orqan da müsabiqənin qaliblərinə həsr olunacaq.

Dünya ölkələrinə yayılacaq bu mətbu orqan üzərindən DSMF-nin islahatları da beynəlxalq miqyasda geniş təbliğ və təşviq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti