...

UNEC-də akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2023 11:28 (UTC +04:00)
UNEC-də akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib (FOTO)

Bakı. Trend:

UNEC-də Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdən öncə UNEC kollektivi Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

Tədbirin açılışında görkəmli oftalmoloqun əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.

UNEC-in prorektoru dosent Şaiq Əsgərov tədbirdə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən akademik Zərifə Əliyevanın 100 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd edildiyini bildirib. Oftalmoloq alim Zərifə Əliyevanın mənalı və zəngin həyat yolunu tariximizin ən parlaq səhifələrindən biri kimi qiymətləndirən Şaiq Əsgərov, görkəmli alimin ailəsi, xalqı və dövlətinin xoşbəxtliyi uğrunda fədakarlığının gələcək nəsillər üçün bir örnək olduğunu diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsinin, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlarının və fundamental əsərlərinin Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolundan danışıb. Görkəmli alimin bütün uğur və nailiyyətlərinin bünövrəsində daim gərgin zəhmətin, oftalmologiya elminin inkişafı yolundakı səmərəli fəaliyyətin və möhtəşəm xidmətlərin durduğunu vurğulayıb.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri, professor Rasim Hacıyev akademikin adını daşıyan Mərkəzdə Zərifə xanım Əliyevanın zəngin elmi irsinin davam etdirildiyini, dərin elmi araşdırmalar aparıldığını diqqətə çatdırıb. Görkəmli akademikin Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolundan danışıb.

Tədbir mənalı ömür yolunu oftalmologiya elminə, xalqına həsr etmiş görkəmli alim Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən bəhs edən çıxışlarla davam edib.

Tədbirdə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx da nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti