...

İlahiyyat İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir (FOTO)

Cəmiyyət Materials 24 May 2023 13:44 (UTC +04:00)

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaşlarından ibarət nümayəndə heyəti Malayziyada işgüzar səfər çərçivəsində Malayziya İslam Təfəkkürü İnstitutunda olub.

Aİİ-dən Trend-ə verilən məlumata görə, Malayziya İslam Təfəkkürü İnstitutunun sədri, dr. Muhammad Nur Manuty ilə görüş zamanı akademik heyət və tələbə mübadiləsi proqramları, dini radikalizm və islomofobiya ilə mübarizədə birgə fəaliyyətin təşkili ilə əlaqədar əməkdaşlığın həyata keçirilməsi və bu istiqamətdə atılacaq addımlar, gələcək planlar barədə müzakirələr aparılıb.

Malayziya İslam Təfəkkürü İnstitutunun sədri, dr. Muhammad Nur Manuty öncə təmsil etdiyi qurum haqqında geniş məlumat verib. Elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi barədə söhbət açan sədr qeyd edib ki, iki müəssisə arasında akademik, elmi və mədəni əlaqələrin qurulması vacibdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ölkəmizdə mövcud dövlət-din münasibətləri barədə söhbət açaraq bildirib ki, Azərbaycan xalqı hər zaman digər dinlərin və millətlərin nümayəndələri ilə dost, qardaşlıq və sülh şəraitində yaşayıb və bu ənənə bu gün də davam etməkdədir. Sədr müavini qeyd edib ki, bu baxımdan Azərbaycanda heç zaman milli və dini zəmində münaqişə baş verməyib. Təmsil etdiyi qurum haqqında məlumat verən G.İsmayılov daha sonra vurğulayıb ki, DQİDK dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Aİİ rektoru, dosent Aqil Şirinov təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri, hədəfləri haqqında geniş məlumat verib, ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparıb.

“İslamşünaslıq” və “Dinşünaslıq” ixtisasları üzrə tədrisin həyata keçirildiyini qeyd edən İnstitut rəhbəri vurğulayıb ki, Aİİ iki istiqamət üzrə – məscidlərdə fəaliyyət göstərəcək din xadimləri və ölkənin müvafiq dövlət qurumlarında çalışacaq mütəxəssislər hazırlayır.

A.Şirinov bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu xarici ölkələrin müvafiq ali təhsil muəssisələri ilə əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılması məqsədilə səfərlər təşkil edir.

Qeyd edək ki, Azərbaycanın Malayziyadakı Səfirliyinin və “İdrak” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən işgüzar səfərdə DQİDK-nin sədr müavini Gündüz İsmayılov, Aİİ rektoru, dosent Aqil Şirinov, ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov və İnstitutun xarici əlaqələr üzrə baş mütəxəssisi Şahin Ələsgərov iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti