Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “İlahiyyat” elmi-publisistik jurnalının növbəti – VIII xüsusi buraxılışı işıq üzü görüb.
Aİİ-dən Trend-ə verilən məlumata görə, jurnalın budəfəki sayı ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
On üç rubrikadan ibarət olan xüsusi buraxılışda öz sahəsinin peşəkar mütəxəssisi olan elm adamlarının, dini konfessiya nümayəndələrinin, həmçinin Aİİ-nin tələbə və məzunlarının yazıları yer alıb.
Jurnalın budəfəki sayı “Rəsmi guşə” rubrikası ilə başlayır. Rubrikada Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident cənab İlham Əliyevin Sərəncamı yer alıb.
“Cəmiyyət və din” rubrikasında Aİİ rektoru Aqil Şirinovun “Ulu öndər Heydər Əliyev və multikultural dəyərlər”, millət vəkili Ceyhun Məmmədovun “Azərbaycanda dini dözümlülük ənənələrinin bərqərar olunmasında Heydər Əliyevin rolu” sərlövhəli məqalələri dərc edilib.
“Konfessiya nümayəndələri danışır” rubrikasında isə Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevin “Ulu Öndərin Azərbaycan yəhudilərinə diqqət və qayğısı”, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mefodi Əfəndiyevin “Heydər Əliyevin Azərbaycanın Pravoslav icmasına qayğısı”, Alban-Udi xristian dini icmasının rəhbəri Robert Mobilinin “Гейдар Алиев – основатель мультикультуральной модели Азербайджана, в контексте Албано-Удинской христианской общины” başlıqlı məqalələri yer alıb.
Digər rubrikalarda Aİİ əməkdaşlarının ulu öndər Heydər Əliyev haqqında – “Dünya liderləri Ulu Öndər haqqında (Azərbaycan və ingilis dillərində)”, “Hamı kimi doğulsa da, hamı kimi yaşamadı...”, “Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi”, “Heydər Əliyevin liderlik xüsusiyyətləri”, “YAP tarixi zərurətdən yarandı”, “Heydər Əliyev və Ana dili”, “Heydər Əliyev və təhsil”, “Heydər Əliyevin mənəviyyat fəlsəfəsi”, “Heydər Əliyevin dövlət siyasətində dini-mənəvi dəyərlərin əhəmiyyəti”, “Mənəvi dəyərlərin təbliği və Heydər Əliyev fenomeni”, “Heydər Əliyev və multikulturalizm”, “Heydər Əliyevin dünyəvi dövlətdə yaratdığı etiqad azadlığı”, “Dini ibadətgahların bərpası”, “Əshabi-Kəhf ziyarətgahı”, “Mir Mövsüm ağa ziyarətgahı”, “Ümummilli Liderin qadın siyasəti”, “Heydər Əliyev uşaqların dünyasında”, “Mən elə bilirdim ki...” məqalələri dərc olunub.
Aİİ tələbələrinin isə “Ulu Öndərin bizə qayğısı”, “Heydər Əliyevin xeyriyyəçilik missiyası”, “Heydər Baba səsləyirəm”, “İnanıram tək gerçəyə”, Kaş rəssam olaydı” başlıqlı məqalələri və şeirləri nəşr edilib.