Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü və 28-29 Qurban bayramı ilə əlaqədar elan edilmiş qeyri-iş günlərində Bakı-Qəbələ-Bakı istiqaməti üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə xəttə 10 əlavə qatar reysi təyin edib.
ADY-dən Trend-ə verilən
məlumata görə, 26, 27, 28, 29 və 30 iyun 2023-cü il tarixlərində
Bakı-Qəbələ-Bakı istiqamətlərində əlavə reys üzrə sürətli sərnişin
qatarlarının hərəkət cədvəlində də müvafiq dəyişikliklər
edilib.
Belə ki, Bakı Dəmiryol Vağzalından saat 07:30-da yola düşən qatar
Qəbələyə saat 10:50-də, əks istiqamətdə saat 19:30-da Qəbələ
Dəmiryol Vağzalından yola düşən qatar isə mənzil başına saat
22:20-də çatacaq.
Qeyd edək ki, yay mövsümünün başlanması ilə bağlı sərnişinlərin
çoxsaylı müraciətləri nəzərə alınaraq, onların Qəbələdə daha çox
maraqlı vaxt keçirmələri üçün 01 iyul 2023-cü il tarixindən
etibarən şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli
yuxarıda qeyd edilmiş bayram günlərinin qrafiki üzrə
yenilənəcək.
Məlumat üçün bildirək ki, ADY 18 mart 2023-cü ildən etibarən ölkə
tarixində ilk dəfə olaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin
daşımalarına start verib. Hazırda Bakı-Qəbələ-Bakı sürətli sərnişin
qatarı həftənin şənbə və bazar günləri hərəkət edir.
Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN
təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya
ADY-nin rəsmi saytından
(https://ticket.ady.az/ticket-search) onlayn əldə etmək
mümkündür.