Bakı. Trend:
Güclü yağış nəticəsində yaranmış sel suları Quba-Xınalıq avtomobil yolunun bəzi hissələrini yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bundan başqa, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.
Quba-Xınalıq avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 N-li Yol İstismarı” MMC-i tərəfindən təbii fəlakət baş verdiyi andan etibarən tədbirlər görülüb, əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub.
Təxirəsalınmaz tədbirlər nəticəsində yolun 52-ci km-nə qədər olan hissəsində təhlükəsiz və fasiləsiz hərəkət təmin edilib. Hazırda Quba-Xınalıq yolunun 52-56-cı km-lik hissələrində işlər davam etdirilir.