...

Hökumət qurumları üçün Miqrasiya İdarəçiliyi İndeksi üzrə məsləhətləşmələr təşkil edilib

Cəmiyyət Materials 22 İyun 2023 03:56 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə Azərbaycanda Miqrasiya İdarəçiliyi İndeksi (Mİİ) prosesi üzrə nazirliklərlərarası məsləhətləşmələr toplantısı təşkil edib.

Bu barədə Trend-ə Beynəlxalq Miqrasiya Təşkilatından (BMqT) məlumat verilib. Bildirilib ki, məsləhətləşmələrin gedişində Azərbaycanda Miqrasiya İdarəçiliyi İndeksinin milli və beynəlxalq proseslərlə əlaqəsi, onun hesabatı, Azərbaycanın Miqrasiya siyasəti və Miqrasiya üzrə Qlobal Paktın və onun bu indekslə əlaqəsi mövzularında təqdimatlar keçirilib.

Tədbirdə çıxış edən BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Amela Muyaqic müvafiq dövlət qurumlarını və qeyri-hökumət təşkilatlarını bir araya gətirən məsləhətləşmə görüşünün əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Miqrasiya İdarəçiliyi İndeksləri təxminən 90 göstəricidən ibarət standart dəstdən ibarət olan BMqT-nin alətidir və bundan ölkələr özlərinin miqrasiya idarəçiliyi strukturlarını inkişaf etdirmək üçün istifadə edə bilər: “Azərbaycanda bu proses 2022-ci il dekabrında müvafiq Hökumət agentliklərinə proses haqqında məlumat vermək üçün təqdimat toplantısının təşkili ilə başlayıb. BMqT Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq edərək 2022-ci ilin dekabr və 2023-cü ilin mart aylarında əsas göstəricilər üzrə məlumat toplamaq üçün müvafiq dövlət qurumlarında müsahibələr təşkil edib və bu məlumatlar əsasında ən mühüm nəticələri ümumiləşdirən miqrasiya idarəçiliyi profilinin layihəsi hazırlanıb və bu sənəd Azərbaycanın müvafiq hökumət qurumları ilə paylaşılıb”.

DMX-nin Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin Vahid Qəhrəmanov çıxışında beynəlxalq təşkilatlar, aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin birgə səyləri nəticəsində hazırlanacaq yekun sənədin Azərbaycanda miqrasiyanın idarə olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə Dövlət Miqrasiya Xidməti, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə, Elm və Təhsil nazirlikləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi və qeyri-hökumət təşkilatlarının nümayəndələri miqrasiya idarəçiliyi profili layihəsində müəyyənləşdirilmiş müsbət təcrübələri və mövcud əsas boşluqları müzakirə ediblər. Bu məsləhətləşmə görüşü iştirakçılarına onların fəaliyyət sahələrinə xas olan problemləri səsləndirmək, eləcə də miqrasiya idarəçiliyi baxımından prioritetlərini əks etdirən layihənin profilinə dair şərh vermək imkanı verib.

Azərbaycanda Miqrasiya İdarəçiliyi İndeksinin qiymətləndirilməsi prosesi onun hesabatının layihəsi ilə bağlı bugünkü məsləhətləşmələr zamanı alınan şərhlər əsasında yekunlaşacaq. Bu hesabat daha sonra BMqT-nin Qlobal Miqrasiya Məlumat Portalına yüklənəcək və oradan asanlıqla əldə edilə bilər. Miqrasiya İdarəetmə İndeksi ölkələrə müsbət təcrübələri, eləcə də gələcək inkişaf potensialı olan sahələri müəyyən etməyə kömək edən təxminən 90 göstərici olan standart dəstdən ibarət BMqT-nin alətidir. O, ölkələrin miqrasiya idarəçiliyi strukturlarını inkişaf etdirmək üçün istifadə edə biləcəkləri siyasət alətləri haqqında anlayışlar təklif edə bilər. Miqrasiya İdarəçiliyi İndeksi qiymətləndirmələri hökumətin sifarişi əsasında aparılır və profillər onların razılığı ilə dərc olunur. Hökumətlər məsləhətləşmələr prosesinin bütün mərhələlərində iştirak edirlər. Hazırda 90-dan çox ölkə bu indeksin qiymətləndirmə prosesində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti