Bakı. Trend:
Bioloji aktiv qida əlavələri ilə əlaqədar tənzimləmələr təkmilləşdirilir (adlarının yazılması, apteklərdə saxlanılması, reklamlarda verilməsi).
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dərman vasitələri haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Bioloji fəallığa malik qida əlavəsinin və dövlət qeydiyyatına alınmış dərman vasitəsinin adlarında ən azı 4 hərf fərqi olması tələbi müəyyən edilir, bioloji fəallığa malik qida əlavəsinin tərkibində olmayan maddənin onun adında istifadəsi qadağa edilir.
Layihədə tibb vasitələrinə dair tənzimləmələr (idxalı, sertifikatlaşdırılması, reyestrinin aparılması), dərman vasitələrinin idxalına icazə verilməsi proseduru, dərman vasitələrinə reseptlərin yazılması qaydası (o cümlədən reseptdə dərman vasitələrinin ticarət adının deyil, tərkibinin yazılması tələbi) müəyyən edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
Xatırladaq ki, bu gün Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçirilir. İclasın gündəliyinə 19 məsələ daxildir.