Bakı. Trend:
4 avqust 2023-cü il tarixində UNEC Tədqiqat Fondu "Helios" intellektual-analitik müsabiqəsinin nəticələrini elan etdi. Müsabiqənin məqsədi beynəlxalq əlaqələr, beynəlxalq iqtisadiyyat və regional siyasət sahələri ilə maraqlanan şəxsləri dəstəkləmək və təşviq etmək idi. Müsabiqə, ekspert və analitik düşüncənin inkişafına töhfə verməyi və ölkənin ekspert cəmiyyətinə gəncləri cəlb etməyə kömək etməyi hədəfləyib.
Mayın 25-də başlayan müsabiqə 4 ay davam etdi. İştirakçılar təklif olunan mövzularla bağlı analitik məqalələri təqdim etdilər və müsabiqə dövründə ADA Universiteti, Bakı Dövlət Universiteti və UNEC-dən təcrübəli məsləhətçilər və müəllimlərin seminarları vasitəsilə məqalələrini təkmilləşdirdilər.
Müsabiqənin nəticəsində iştirakçılar müasir dünya və regional trendləri təhlil etmək bacarığı qazandılar. Həmçinin, beynəlxalq siyasi və iqtisadi münasibətlərdə təbliğ edilən və inkişaf edən narrativlərin tədqiq edilməsi üzrə bacarıqlarını inkişaf etdirdilər və analitik materialların hazırlanması sahəsində biliklərə yiyələndilər.
Qalib işlər Fondun rəsmi (www.unectf.org) saytında dərc ediləcək. Gələcəkdə, UNEC Tədqiqat Fondu bənzər müsabiqələrin keçirilməsini davam etdirmək niyyətindədir.