Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi Bakının Nəsimi rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Trend-ə bildirilib ki, dünən gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən evdə baş vermiş yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 800m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsi 50m², 2-ci mərtəbəsi isə 100m² sahədə yanıb. Evin böyük hissəsi, habelə bitişik evlər yanğından mühafizə olunub. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
Qeyd edək ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən evdə yanğın baş verib. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğının mürəkkəbliyinə, o cümlədən/, ərazidə bitişik evlərin yerləşməsi səbəbindən yayılma riskinin yüksək olmasına baxmayaraq, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.