Bakı. Trend:
Ölkə ərazisində mövcud yaşıllıqların qorunub mühafizə edilməsi,
yeni yaşıllıq sahələrinin salınması ekoloji baxımdan mühüm
əhəmiyyət daşıyır. Xüsusilə, yaşıllıqların qorunması və
artırılması, çətin torpaq-iqlim şəraiti, iri sənaye obyektlərinin
cəmləşməsi, əhalinin sıx məskunlaşması baxımından digər
regionlardan kəskin fərqlənən Abşeron yarımadasında daha çox
önəmlidir.
Trend xəbər verir ki, bunu
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Bakıda 2-ci
Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
"Abşeron yarımadasında yaşıllıq sahələrinin real vəziyyətinin
qiymətləndirilməsi, uçotunun aparılması və dəqiqləşdirilməsi
məqsədilə inventarizasiya işləri aparılmış və ayrı-ayrı yaşıllıq
massivlərinin xəritələri hazırlanıb", - nazir qeyd edib.
Qeyd edək ki, “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda II Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA2) ikinci günü paytaxt Bakıda keçirilir.