Bakı. Trend:
Bu il dünya Məskunlaşma Günü dayanıqlı şəhər iqtisadiyyatına hesablanır. Bu vədləri tutmaq üşün şəhərlər bir neçə çağırışlara tab gətirməlidir. Bura iqlim dəyişiklikləri, iqtisadi proseslər daxildir.
Trend xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Maimunah Mohd Şərifin səslədirdiyi BMT-nin Baş katibi Antonio Quterreşin müraciətində deyilir.
Onun çıxışında qeyd edilir ki, dünyada yaşıl məkanların sayının artırılması, istinin təsirləri, yerli iqtisadiyyatın inkişaf etdirilməsi ərzaq istehsalına da təsir edir:
"Həsas qrupların müdafiəsi və investisiyalar qoyularaq onlara evlərin tikilməsi önəmlidir. Kommunal, nəqliyyat xidmətlərinin yüksəldilməsi, rəqəmsal sahibkarlığın inkişafı lazımdır. Bu sahədə qlobal müstəvidə əməkdaşlıq önəmlidir. Birgə çalışaraq dayanıqlı, inklüziv yaşayış məskənlərini yaratmaq lazımdır", - deyə o əlavə edib.
Xatırladaq ki, bu gün “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumu keçirilir.
Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan və xarici dövlətlərdən olan digər nümayəndə heyəti, dövlət rəsmiləri və media mənsubları iştirak edir.
Müxtəlif mövzuların müzakirə edildiyi Forumun məqsədi dayanıqlı şəhər inkişafı üçün bilik mübadiləsini, siyasətin formalaşdırılmasını, ictimaiyyətin cəlb edilməsini, bacarıqların artırılmasını, əməkdaşlığı və icra strategiyalarını təşviq etmək olub.
Dünyaca məşhur nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparırlar.