...

Qubada şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 31 Oktyabr 2023 14:41 (UTC +04:00)

Bakı. Trend:

Oktyabrın 28-29-da Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Quba Rayon Mərkəzi Xəstəxanasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirilib.

Trend xəbər verir ki, aksiyadan öncə YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirov və rəhbərliyi altında çalışan həkim heyəti, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın üzvləri, Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova və RİH-ın məsul şəxsləri, Quba RMX-nın direktoru Əliyar Sərvərov Quba rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünüə gül dəstələri düzüblər.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub, Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb, abidələri önünə qızılgüllər düzülüb.

Daha sonra Quba Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələrinə, qazilərə və onların ailə üzvlərinə professor Tofiq Cahangirov və onun rəhbərliyi altında çalışan həkim heyəti tərəfindən kardioloji, nevroloji və endokrinoloji müayinələr keçirilib. Həmçinin müasir rəngli doppler exokardioqrafiya, qarın boşluğunun ultrasəs müayinələri də aparılıb.

"Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!" şüarı altında keçirilən və iki gün davam edən aksiya zamanı ümumilikdə 200-dən artıq şəhid ailəsi üzvləri və qazilər müayinə olunub və onlara müxtəlif müalicələr təyin olunub.

Qeyd edək ki, bu, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən 5-ci aksiya olub. Buna qədər Saatlı, Sabirabad, Kürdəmir rayonları və Lənkəran şəhərində analoji aksiyalar keçirilib.

Xəbər lenti

Xəbər lenti