Bakı. Trend:
ADA Universiteti beynəlmiləşmə istiqamətindəki fəaliyyətinə
davam edir. Ötən il Dehlidə baş tutan Beynəlxalq Təhsil Sərgisində
iştirak etdikdən sonra bu il ADA Universiteti Hindistanın Mumbay
şəhərində keçirilən Beynəlxalq Təhsil Sərgisində olub. “St. Regis
Mumbai Hotel”də təşkil edilən sərgidə ADA Universiteti Azərbaycanı
Finlandiya, Almaniya, İsveçrə, Böyük Britaniya, ABŞ-da daxil
olmaqla on beş müxtəlif ölkənin 30-a yaxın aparıcı ali təhsil ocağı
ilə yanaşı təmsil edib. Beynəlxalq Təhsil Sərgisində iştirak üçün
beş mindən çox yerli tələbə, valideyn, təhsil mütəxəssisi
qeydiyyatdan keçib.
ADA Universitetinin nümayəndə heyəti – Kommunikasiya və Rəqəmsal
Media proqramının direktoru Şəfəq Mehrəliyeva və Tələbə Qəbulu və
Qeydiyyatı şöbəsinin əməkdaşı Ləman Hüseynli hind tələbələri və
onların valideynlərinin Azərbaycan universitetinə yüksək marağını
qeyd ediblər. Onların sözlərinə görə, Mumbayda hazırda ölkəmizi
daha çox turizm məkanı kimi tanıyırlar. Yerli gənclərin Bakıda ADA
Universiteti kimi dünya səviyyəli ali təhsil ocağının olması,
burada yaradılan şəraitlə tanışlığı onlar üçüm gözlənilməz sürpriz
oldu. Xüsusilə də, valideynlər övladlarını mədəni oxşarlıqları olan
Azərbaycana təhsil almağa göndərməyə meyillidilər. Hazırda ADA-da
təklif edilən 15 bakalavr və 10 magistr dərəcəsi arasında
Beynəlxlaq Təhsil Sərgisi iştirakçıları daha çox İnformasiya
Texnologiyaları və Mühəndisliklə bağlı, eləcə də Dövlət
İdarəedilməsi ixtisaslarına üstünlük verdiklərini bildirirdilər.
Sərgidəki ADA güşəsində hindli tələbələr Universitetin xarici
tələbələr üçün təklif etdiyi Əlimərdan bəy Topçubaşov adına
Beynəlxalq Təqaüd proqramı ilə bağlı kitabçalarla maraqla tanış
olur, Hindistanla Azərbaycan arasında açılan birbaşa uçuşlardan
bəhrənələrək ölkəni ziyarət etmək istəklərini bildirirdilər.
Hindistanda işguzar səfər çərçivəsində ADA Universitetinin
nümayəndə heyəti yerli məktəb və ali təhsil ocaqlarında görüşlər
keçirib, Mumbayda fəaliyyət göstərən diplomatik korpusun
nümayəndələri ilə müzakirələr aparıblar.