Bakı. Trend:
Kambocada qadınların ictimai-siyasi həyatda iştirakı ilə bağlı mexanizmlər mövcuddur.
Trend xəbər verir ki, bunu Kamboca Qadın İşləri Nazirliyinin dövlət katibi Chinda Man Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Bizim gender məsələləri üzrə texniki işçi qrupu mövcuddur. Həmçinin, ümumi fəaliyyət qrupu formalaşıb ki, gender məsələləri ilə bağlı vəzifələri icra edir. Qadınların səlahiyyətləndirilməsi siyasətimizdə öndə gedir. Qoşulmama Hərəkatına üzv dövlətlərdə bu konfrans qadın hüquqlarının inkişafına töhfə verəcək”,- deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.