Bakı. Trend:
Qızılcanın xüsusi müalicəsi yoxdur. Sadəcə immuniteti gücləndirən müalicə aparılır.
Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Səbinə Cəfərova deyib.
O qeyd edib ki, qızılca xəstəliyinə tutulan uşaqların müalicəsi ilk növbədə simptomların aradan qaldırılmasına, fəsadların qarşısının almasına, düzgün istirahət və maye qəbulunun təmin edilməsinə yönəlməlidir.
"Uşaqlarda optimal gündəlik rejimin təmin edilməsi vacibdir.
Kifayət qədər yuxu və fiziki fəaliyyətin azalması virusla mübarizə
aparmağa kömək edir. Gözlərdə konyunktiviti olan uşaqlarda gözləri
yumşaq bir şəkildə təmizləmək lazımdır və parlaq işıqlardan
qaçınmaq həmin narahatlığı azaltmağa kömək edir.
Yüksək temperatur zamanı qızdırmasalıcı dərmanlar qəbul etmək
olar.
Qızılcanın qarşısını peyvənd olunaraq almaq olar. Ona görə də uşaqları bu yoluxucu xəstəlikdən qorumaq üçün Səhiyyə Nazirliyi tərəfindən tövsiyə olunan peyvənd cədvəlinə riayət etmək vacibdir", - deyə o bildirib.