Bakı. Trend:
Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələrin adları açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin yanvar-oktyabr aylarında ixracın 44,8 faizini İtaliyaya, 16,5 faizini Türkiyəyə, 4,5 faizini İsrailə, 4,2 faizini Yunanıstana, 3,3 faizini Rusiyaya, 2,8 faizini Hindistana, 2,4 faizini İspaniyaya, 2,2 faizini Çexiyaya, hər biri 2,1 faiz olmaqla Gürcüstan və Almaniyaya, 1,8 faizini Rumıniyaya, 1,6 faizini Xorvatiyaya, 1,5 faizini Birləşmiş Krallığa, hər biri 1,3 faiz olmaqla Bolqarıstan və İrlandiyaya, 1,2 faizini Vyetnama, 0,8 faizini Portuqaliyaya, hər biri 0,5 faiz olmaqla, Avstriya və İndoneziyaya, 4,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyd edək ki, həmin dövr ərzində Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 193 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 119 ölkəyə məhsul ixrac olunub, 184 ölkədən idxal olunub.
Ölkənin xarici ticarət dövriyyəsi 37367,4 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 23193,2 milyon dollarını və ya 62,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 14174,2 milyon dollarını (37,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 9019,0 milyon dollar məbləğində müsbət saldo yaranıb.