Bakı. Trend:
Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə mexanizmi yaradılır.
Trend-in məlumatına görə, bunula bağlı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq bəndinin icrası məqsədi ilə yerlərdə yaradılmış “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrup”larının fəaliyyətini tənzimləyən vahid hüquq normaları mövcud deyil.
Odur ki, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.1.2-ci bəndinin tələblərindən irəli gələrək, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə mexanizminin yaradılması məqsədilə mövcud Qanuna yeni 19-1-ci maddənin əlavə edilməsi təklif olunur.