Bakı. Trend:
“Heydər Əliyev İli” çərçivəsində Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə bayram tədbiri təşkil olunub.
Trend xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yada edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bayram
münasibətilə tədbir iştirakçılarını təbrik edib.
İcra başçısı Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və
təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
kimi təsis edilməsindən, dahi öndərin Dünya Azərbaycanlılarının
Həmrəyliyinə verdiyi önəmdən bəhs edib. Həmçinin bildirib ki,
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra bu ilin
sentyabr ayında həyata keçirilən birgünlük antiterror
əməliyyatından sonra Azərbaycan öz dövlət suverenliyini tam təmin
edib. Artıq dünya Azərbaycanlıları öz həmrəyliyini daha qürurla,
daha şövqlə, qalib xalqın qalib nümayəndəsi kimi qeyd edirlər.
Digər çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan, Xaçmaz rayonunda görülən işlərdən danışıblar.
Rəsmi hissədə Prezident İlham Əliyev tərəfindən mükafatlandırılan Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Sevil Quliyevaya təltif olunduğu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.
Həmçinin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şair Ramiz Qusarçaylını 65 illik yubileyi münasibətilə fərman və qiymətli xatirə hədiyyəsi ilə mükafatlandırıb, rayonun ictimai, siyasi və mədəni həyatında fərqlənən bir qrup şəxsləri təltif edib.
Bayram tədbiri musiqili proqramla davam edib. Sonda Şaxta Baba şəhid övladlarını hədiyyələrlə sevindirib.