...

Azərbaycanda yeni təsis olunan universitetlər qəbul ballarına necə təsir edəcək?

Cəmiyyət Materials 23 Fevral 2024 14:40 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2019-cu ildə universitetlərdə ödənişsiz plan yerləri 45 faiz, 2023-cü ildə isə 50 faizdən çox olub.

Bu barədə Trend-in suallarını cavablayarkən təhsil eksperti Kamran Əsədov deyib.

O qeyd edib ki, həmçinin, 2023-cü ildə ali təhsil müəssisələrinin təkcə bakalavr pilləsi üzrə 55 800 plan yeri ayrılıb.

"Bu il isə plan yerləri 60 mindən artıq olacaq. Əlbəttə, bu zəruridir. Çünki Azərbaycanda ali təhsil əlçatanlığı təmin olunmalıdır. "Qarabağ" və Türkiyə-Azərbaycan Universitetinin açılması ali təhsil müəssisələrinin qəbul plan yerlərinə ciddi şəkildə müsbət təsir göstərəcək. Əsasən, 1-ci və 2-ci ixtisas qrupları üzrə plan yerlərinin kəskin artması gözlənilir. Bu plan yerlərinin artması təhsilə müsbət təsir göstərəcək. Plan yerlərinin artması birmənalı şəkildə keçid ballarına təsir göstərəcək.

1-ci ixtisas qrupu üzrə daha aşağı ballarla ali təhsil müəssisələrinə tələbə qəbulu həyata keçiriləcək. Hətta 3-cü ixtisas qrupu üzrə regionşünaslıq ixtisasında belə aşağı ballar müşahidə edəcəyik. 1 -ci ixtisas qrupunda mühəndislik ixtisasları üzrə plan yerlərinin artması, bu ixtisaslar üzrə hətta dövlət sifarişli ixtisaslarda belə keçid ballarının aşağı düşməsi gözləniləndir", - deyə o bildirib.

Qeyd edək ki, Qarabağ Universiteti 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Universitetdə ilkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur.

Növbəti tədris ilindən isə Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu elan ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti