Bakı. Trend:
2024-2025-ci tədris ili üzrə birinci siniflərə elektron qeydiyyata cari ilin may ayında start verilməsi planlaşdırılır.
Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisi bu il 15 yanvar tarixindən etibarən ilk dəfə vətəndaşlara təqdim olunub. Valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytına daxil olaraq məktəblərin ünvanları və həmin məktəblərin ərazisi hesab olunan ünvanların siyahısı ilə tanış ola bilərlər. Məktəblərdə aşağı siniflərdə rus bölməsi üzrə şagird sıxlığı yaşanır. Rus bölməsi üzrə müəllim vəzifəsi üçün elan edilən vakant yerlərə qəbula az müraciət daxil olur.
Ümumi təhsil müəssisələrində “Şagird davranış qaydaları” ilkin olaraq seçilmiş 329 ümumi təhsil müəssisəsində pilot olaraq tətbiq edilir. Ümumilikdə 322 min nəfərdən çox şagirdi əhatə edir. Növbəti illərdə tətbiq dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Pilot müəssisələr üzrə monitorinqlər və təhlillər aparılıb, təkliflər formalaşdırılıb. Hazırda “Şagird davranış qaydaları”nın yekun versiyası üzərində iş aparılır”,- deyə o bildirib.
