Bakı. Trend:
7 mart 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Fərid Əbilov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev və qadın əməkdaşlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Tibbi Xidmət
İdarəsinin rəis müavini Şahlar Mirqasım qadınların simasında bütün
xanım əməkdaşları, o cümlədən Azərbaycan xanımlarını təbrik edib,
onlara səadət dolu günlər arzulayıb. Rəis müavini Şahlar Mirqasım
çıxışında qeyd edib ki, cəmiyyətimizdə qadına olan qayğı və hörmət
xalqımızın minillər boyu formalaşan milli-mənəvi, əxlaqi
dəyərlərindən irəli gəlir.
Ümummilli Liderin mükəmməl dövlət qadın siyasəti Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla
davam etdirilir, Azərbaycan qadını bütün dövlət qurumlarında uğurla
təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni
proseslərdə fəal iştirak edirlər.
Şahlar Mirqasım çıxışında qeyd edib: “Qadın anadır, qadın həyat boyu yoldaşımızdır. Hər bir atanın da ən sevimli övladları da məhz qız uşaqlarıdır. Allah-Təala qadını o qədər şərəfli hesab edib ki, müqəddəs kitabımız olan Qurani-Kərimdə də qadınlara həsr olunmuş Nisa surəsi öz yerini tapmışdır. Biz kişilər də, hər zaman qadınlara böyük hörmətlə yanaşır, onlara yüksək dəyər veririk. Bugün də olduğu kimi, hər bir gününüzün xoş əhvali-ruhiyyə ilə keçməsini arzulayıram”.
Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev çıxış edərək Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının qadın kollektivini təbrik edərək səhiyyə, tibb sahəsində işləyən qadınlardan danışıb. Bəxtiyar Musayev qeyd edib: “Cəmiyyətdə, ailədə qadınların rolu, xidməti böyükdür, amma səhiyyədə işləyən qadınların üzərinə düşən vəzifə ikiqat çoxdur. Təbii ki, hər sahədə fəaliyyət göstərən - istər riyaziyyatçı, istər inşaatçı, istərsə də müəllim olsun, peşəkar mütəxəssis olmalıdır. Amma eyni zamanda xəstəxanada qadın tibb personalında peşəkarlıqdan başqa digər bir xüsusiyyət olmalıdır ki, ağrı çəkən, əziyyət çəkən xəstələr və ya əməliyyatdan çıxmış xəstə onlardan qadın, ana, həyat yoldaşı, bacı kimi bir münasibət, qayğı, şəfqət gözləyir. Buna müvəffəq olanda, müalicə prosesi də sürətlə gedir, yara da tez sağalır, xəstə də tez ayağa qalxır. Mən bu gözəl gündə bütün xanımları, Hospitalımızda işləyən xanımlarımızı ürəkdən təbrik edir, onlara bu ikiqat məsuliyyətli işlərində uğurlar arzulayıram”.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi
Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı
Rəşad Mahmudov çıxış edərək deyib: “Demokratik Azərbaycan
Respublikası hələ 100 il bundan əvvəl qurulduğu dövrdə,
əcdadlarımızın milli davranışından irəli gələn dəyərlərdir ki,
hətta Avropa ölkələrində çoxlarını heyrətləndirən hadisə - qadına
seçmək və seçilmək hüququnun məhz Azərbaycanda verilməsi olmuşdur.
Bu, tarixən bizim qadınlara, analara olan münasibətin ən gözəl
təzahürüdür. Bizə babalarımızdan bir miras qalıb: qadının
həyatımızın hər bir sahəsində rolu bizim üçün əvəzedilməzdir.
Cəmiyyətdə, ailədə qadına verilən dəyər yüksəkdir. Qadının
yaşatdığı ab-hava, onun ətrafdakılara verdiyi enerji cəmiyyəti,
ailəni xoşbəxt edə bilər.
Bu gün hər birimiz bunun şahidləriyik ki, Azərbaycan qadınları
bütün dövrlərdə olduğu kimi, müharibə dövründə də inanılmaz şəkildə
öz canından, qanından olan balasını torpağa tapşırarkən də “Vətən
sağ olsun”, - deyə bilən məğrur analardır. Mən fürsətdən istifadə
edib təbriklərə qoşuluram. Səadətiniz, sevinciniz heç vaxt
tükənməsin, əziz qadınlar!”
Daha sonra tədbirdə Mərkəzi Gömrük Hospitalının kişi əməkdaşlarının
təbrik çarxı nümayiş edilib. Tədbir zamanı Dövlət Gömrük Komitəsi
Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi
Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalının böyük tibb bacısı
Nigar Maqsudova da təbrik nitqi ilə çıxış edərək xoş arzu və
niyyətlərini dilə gətiriblər.
Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyi tərəfindən
göndərilmiş gül dəstələri və hədiyyələr tədbirdə iştirak edən qadın
kollektivə və bütün qadın əməkdaşlarına təqdim edilib, tədbir
xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.