Bakı. Trend:
Möhtərəm Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə ötən ildə işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılmış və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində işlər sürətlə davam etdirilib.
Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
O bildirib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 32 mlrd. manatdan çox vəsait tələb olunur.
“2021-2023-cü illərin dövlət büdcəsindən bu məqsədlər üçün 12,1 mlrd. manat vəsait ayrılmışdır, o cümlədən 2023-cü ildə 5,6 mlrd. manat.
2024-cü ildə 4 mlrd.manat məbələğində vəsait ayrılması nəzərdə tutulur.
2023-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1186 ailə (4691 nəfər) keçmiş məcburi köçkün köçürülüb.
2024-cü ilin sonunadək işğaldan azad olunmuş 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5171 ailənin (20 min nəfərdən çox) köçürülməsi planlaşdırılır”, - deyə Baş nazir əlavə edib.