...

Əmək müqavilələrinin onlayn formada imzalanması istiqamətində növbəti addım atılıb

Cəmiyyət Materials 2 Aprel 2024 14:15 (UTC +04:00)
Əmək müqavilələrinin onlayn formada imzalanması istiqamətində növbəti addım atılıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşəbbüsü ilə Əməyin Məşğulluğu Alt Sistemində (ƏMAS) əmək müqavilələrinin onlayn imzalanmasının kütləvi tətbiqində əhəmiyyətli irəliləyiş əldə edilib.

“AzInTelecom”un təqdim etdiyi SİMA yeni nəsil rəqəmsal imza İRİA-nın dəstəyi ilə DOST RİM tərəfindən Əməyin Məşğulluğu Alt Sisteminə (ƏMAS) uğurla inteqrasiya olunub. Artıq işçilər ƏMAS platformasında işəgötürənlər tərəfindən hazırlanan əmək müqaviləsini “SİMA İmza” vasitəsilə onlayn şəkildə imzalaya biləcəklər.

Funksionallığın tətbiqi zamanı əvvəlcə işəgötürən tərəfindən işçinin məlumatları ƏMAS-a daxil edilərək elektron müqavilə sənədi formalaşdırılır. Daha sonra işçinin şəxsiyyət vəsiqəsinin FİN kodu qeyd edilir və müqavilə sistem üzərindən işçiyə göndərilir. Bundan sonra işçi ƏMAS-da şəxsi hesabına “SİMA İmza” ilə daxil olaraq “Təsdiq gözləyən Onlayn əmək müqaviləsi bildirişləri” bölməsinə klik edir. Bu hissədə işçi müqaviləni nəzərdən keçirib “SİMA İmza” ilə onlayn şəkildə imzalaya bilir. İmzadan sonra müqavilə avtomatik olaraq işəgötürənə göndərilir. Sonda isə işəgötürən tərəfindən müqavilə elektron imza ilə təsdiq edilərək sistemə daxil edilir və proses bitir.

Sözügedən funksionallıq Rəqəmsal İnkişaf və Nəqliyyat, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin tabeliyindəki qurumlarda tətbiq olunub. Hazırda bu prosesin bütün qurumlarda tətbiqi istiqamətində iş aparılır.

Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən ölkədə rəqəmsallaşmaya tam keçidin təmin edilməsi məqsədilə kağızsız hökumətin inkişafı və tətbiq sahəsinin genişləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi davam etdirilir. Xüsusilə də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bu addımların əsas məqsədi sənədləşmə prosesində istifadə olunan kağız sayının minimuma endirilməsidir. Elektron imzanın ölkə miqyasında istifadəsini artırmaq və gücləndirmək bu səylərin əsasını təşkil edir.

Xəbər lenti

Xəbər lenti