Bakı. Trend:
Son illər ərzində ölkədə sosial müdafiə sistemində köklü və sistemli islahatların aparılması danılmazdır.
Əməkhaqqqı, pensiya və digər sosial ödənişlərdəki ciddi artımlar, həssas qruplar üçün dəstək proqramlarının daim genişlənməsi, eyni zamanda yeni mühüm sosial layihələrə başlanması, digər tərəfdən sosial xidmətlər sferasında beynəlxalq səviyyədə də yüksək qiymət verilən innovativ həllərin, e-texnologiyaların, proaktiv xidmətlərin geniş tətbiqi bunu deməyə əsas verir.
Təbii ki, sosial sahənin önəmi və eyni zamanda həssaslığı bir çox hallarda bu islahatlarla bağlı mübahisələri, diskussiyaları da ortaya çıxara bilər.
Lakin, mübahisə və diskussiyalar, fikir ayrılığı hər bir halda obyektiv və ədalətli yanaşmaya köklənməli, subyektiv mövqedən, şəxsi ambisiyalara söykənən düşüncələrdən, böhtandan uzaq olmalı, son 6 il ərzində əldə olunan sosial nailiyyətlərə kölgə salmamalıdır.
Bir çox mühüm kəmiyyət və keyfiyyət göstəriciləri son 6 ili ölkəmizin sosial müdafiə sisteminin mühüm inkişaf illəri kimi dəyərləndirməyə əsaslar verir.
İcra olunan sosial islahat zərfləri çərçivəsində minimum, orta, median əmək haqqlarının, minmum və orta pensiyanın, ölkə üzrə əmək haqqı fondunun, sosial müavinətlərin artıq faizlərlə deyil, dəfələrlə ölçülən artımları baş verib. Proaktiv təyinatlar sisteminin geniş tətbiqinə nail olunub.
Bütün bunlar, eyni zamanda sosial ödənişlər və xidmətlərdə dayanıqlılıq, ölkəmizin yeni brendinə çevrilmiş və artıq dünyanın qabaqcıl təcrübələri sırasına daxil edilmiş DOST konsepsiyası, aktiv sosial dəstək və məşgulluq siyasətinin prioritet təşkil etməsi, müasir reabilitasiya sisteminin qurulması sosial rifahın və eyni zamanda vətəndaş məmnunluğunun təminatı üçün mühüm irəliləyişlərdir.
Aydındır ki, sosial müdafiə sistemindən gözləntilər hər bir cəmiyyətdə mütəmadi olaraq mövcud olur. Həmçinin aydın olan odur ki, sosial məsələlərin həlli sistemli olaraq iqtisadi gündəmlə mütənasiblik təşkil edir.
Lakin artıq, zənnimcə, ömründə bir kiçik layihəni belə lazımi səviyyədə yerinə yetirə bilməyən bir sıra “ekspertlər”,“ radikal tənqidçilər” belə sosial müdafiə sistemindəki uğurları, müsbət trendləri artıq etiraf edərək, danılmaz reallıqlarla barışmaq məcburiyyətindədirlər. Hesab edirəm ki, bir cəmiyyət olaraq, ziyalılarımız, ekspertlərimiz, jurnalistlərimiz, millət vəkillərimiz, digər vətəndaşlarımız öz maddi, spekulyativ maaraqlarından deyil, milli maraqlardan çıxış etməyi bacarmalıyıq.
Son 6 ildə sosial müdafiə sistmində əldə olunan nəticələr onu bildirməyə əsas verir ki, bu sahəyə cavabdeh olan dövlət orqanında DOST konsepsiyasına və bu əsasda xidməti kontingentə dost mövqeyindən xidmət göstərmək məramına əsaslanan uğurlu və islahatçılığa köklənmiş fəaliyyət təcrübəsi formalaşıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında İctimai Şuranın sədri,
İqtisad üzrə elmlər doktoru,
Professor Elşad Məmmədov