...

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2024 17:12 (UTC +04:00)
ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir (FOTO)

Bakı. Trend:

ADA Universitetində keçirilən Karyera Hazırlığı Həftəsinin açılış mərasimi baş tutub.

ABB-nin tərəfdaşlığı və ADA Universiteti Fondunun dəstəyi ilə keçirilən və aprelin 25-dək davam edəcək Karyera Hazırlığı Həftəsinin məqsədi tələbələri ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etməkdən ibarətdir.

Karyera Hazırlığı Həftəsində iştirak edəcək tələbələri müəyyənləşdirmək üçün ADA Universitetinin Karyera xidmətləri şöbəsinin təşəbbüsü ilə 500-dən çox müsahibədən ibarət seçim mərhələsi həyata keçirilib. Tələbələr akademik göstəriciləri və müsahibə nəticələrinə əsasən sənaye ekspertləri tərəfindən təşkil olunacaq təlim və seminarlarda iştirak imkanı əldə ediblər. Bu təlim və seminarlar maliyyə, bankçılıq, informasiya və telekommunikasiya, audit, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 20 yerli və xarici müəssisənin, şirkət və qurumun yüksəkixtisaslı peşəkarları tərəfindən əmək bazarının tələbləri və karyera yüksəlişi strategiyaları mövzularında keçiriləcək. Tədbirdə təmsil edilən tərəfdaş qurumlar sırasında ABB, “Azərbaycan Hava Yolları”, “Azercell”, “Azerconnect” “Azərkosmos”, “Azərsun”, “Baker Tilly”, “Coca-Cola” şirkəti, “Deloitte & Touche”, Dövlət İmtahan Mərkəzi, Dövlət Neft Fondu, “EKVITA”, “Ernst & Young”, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Kapital Bank, “Nobel Energy”, PAŞA Bank, PAŞA Həyat Sığorta, “PAŞA Malls” və "PMD GROUP"u qeyd etmək olar.

On gün davam edəcək sessiyalar potensial işəgötürənlərlə əlaqələri asanlaşdırmaqla yanaşı, tələbələrə şirkətlərin daxilində təcrübə imkanı təqdim edəcək. Belə ki, şirkətlərin ayrılıqda təşkil etdiyi xüsusi seçim prosesindən keçən beş tələbə ixtisasına uyğun təcrübə proqramında iştirak imkanı əldə edəcək.

Qeyd edək ki, Karyera Hazırlığı Həftəsi çərçivəsində mayın 2-də Karyera sərgisi baş tutacaq. Müxtəlif sektorlardan 100-dən çox işəgötürənin iştirak etdiyi karyera sərgisi, tələbələr üçün potensial işəgötürənlərlə tanış olmaq, Tərcmeyi-halını birbaşa onlara təqdim etmək və yerindəcə müsahibələrdə iştirak etmək fürsəti təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti