...

ADA Universitetində “Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılış mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2024 21:17 (UTC +04:00)
ADA Universitetində “Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 15-i ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutu ("IDD") tərəfindən təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılış mərasimi keçirilib.

Proqram fəaliyyəti Xəzər regionu ilə bağlı olan 18 ölkənin xarici diplomatlarını, akademik qurumlarının və beyin mərkəzlərinin nümayəndələrini bir araya gətirib.

Təmsil edilən ölkələr sırasında Xorvatiya, Macarıstan, Moldova, Misir, Nepal, İordaniya, Küveyt, Türkiyə, Braziliya və digər ölkələri qeyd etmək mümkündür.

Açılış mərasimində ADA Universitetinin prorektoru və eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, həmçinin onun müşaviri və "IDD"nin direktor müavini Aygün Hacıyeva iştirakçıları salamlayıblar.

Prorektor Fariz İsmayılzadə qeyd edib ki, “Xəzər Hövzəsi Araşdırmaları” proqramı müxtəlif qitələr arasında humanitar körpü rolunu oynayır. Diplomatlara tək ölkəmizi deyil, geniş Xəzəryanı regionu yaxından tanıdır. Çıxışçı əlavə edib ki, Macarıstan, Moldova, Tacikistan, İordaniya, Pakistan və Braziliyanın ölkəmizə təyin edilmiş səfirlərinin açılışda iştirak etməsi Proqrama olan etimadın göstəricisidir.

Direktor müavini Aygün Hacıyeva ADA Universitetinin, İnkişaf və Diplomatiya İnstitutunun və eləcə də bu gün açılışı baş tutan Proqramın tarixçəsinə toxunub. Çıxışçı bildirib ki, “Xəzər Hövzəsi Araşdırmaları” proqramının metodologiyası akademik və praktiki yanaşmanı balansda saxlayaraq iştirakçıları qrup işinə və Xəzəryanı ölkələr barədə araşdırmalar aparmağa sövq edir. Proqram bu yolla fərqli qitələri təmsil edənlər arasında həm peşəkar əlaqələrin qurulmasını təmin edir, həm də onların regionun tarix və mədəniyyəti, etnik və demoqrafik quruluşu ilə bağlı biliklərini dərinləşdirir.

Qeyd edək ki, iştirakçılar ADA Universitetinin professor-müəllim heyətinin, "IDD"ni təmsil edən ekspertlərin, eləcə də müxtəlif dövlət qurumlarının və beyin mərkəzlərinin yüksəksəlahiyyətli nümayəndələrinin mühazirələrini dinləyəcəklər. Həmin mühazirələr regionun geosiyasi, mədəni və iqtisadi quruluşu, həmçinin bərpaolunan enerji üzrə inkişaf strategiyası kimi bir çox aktual mövzuları əhatə edəcək.

Proqram çərçivəsində iştirakçılar Qarabağ bölgəsinə səfər edərək oradakı bərpa və quruculuq işlərini müşahidə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti