Bakı. Trend:
İİV infeksiyası ilə bağlı müalicə yoxdur. Lakin bununla yanaşı, beynəlxalq təlimatlara uyğun səmərəli profilaktika, diaqnostika, müalicə və qayğı xidmətlərinə əlçatanlığın təmin edilməsi ilə İİV infeksiyasını idarəolunan xroniki xəstəliyə çevirmək və bununla da İİV-lə yaşayan insanlara uzun və sağlam həyat sürməyə imkan yaratmaq mümkündür.
Trend xəbər verir ki, bunu “İİV/QİÇS-in diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmalar" mövzusunda təlimin açılış mərasimində ÜST-nin Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancı çıxışında söyləyib.
H.Harmancı bildirib ki, ÜST ölkələrə İİV infeksiyasının aşkarlanma sayını yüksəltmək və yoluxmuşların erkən müalicəyə cəlb edilməsi üçün yeni test alqoritmi və test müayinəsinin desentralizasiyasını tövsiyə edir.
“ÜST İİV epidemiyasının dayandırılması istiqamətində ölkələrə texniki dəstək göstərməyə hər zaman davam edəcək”, - deyə o bildirib.