Bakı. Trend:
Bizim hazırda 10 min əcnəbi tələbəmiz var.
Trend xəbər verir ki, bunu qurumun rəsmi saytına müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.
O qeyd edib ki, onlar bir qayda olaraq bizim ali təhsil müəssisələrimizə müsabiqədərkənar qəbul olurlar.
"Hədəfimiz xarici tələbələrin sayını gələn il üçün daha 1000 nəfər artırmaqdır. Bu, asan tapşırıq və asan hədəf deyil. Bizim elə universitetlərimiz var ki, onlarda müəyyən sayda əcnəbi tələbə oxuyur. 90-cı illərdə əcnəbi tələbələrin sayı məlum səbəblərə görə azalıb. Lakin indi yavaş-yavaş əvvəlki göstəricilərə qayıdırıq.
Əcnəbi tələbələrin cəlbi həm gələcəkdə ölkəmizin təbliğatıdır, həm universitetlərimizin reytinq göstəricilərinə birbaşa təsir edir, həm də ali təhsil müəssisələrimizin daxilində beynəlxalq mühit yaranmasına və ölkəmizə əlavə valyuta axınına səbəb olur. Müəyyən mənada biz bu məsələni koordinasiya edirik, amma əsas fəaliyyət universitetlər tərəfindən aparılmalıdır və bütün dünyada da bu, belədir", - deyə direktor qeyd edib.