Bakı. Trend:
Pandemiya təhsildə yeni çağırışlar yaratdı. Lakin iqlim dəyişikliyinin təsirləri daha da artıq olacaq.
Trend xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, iqlim dəyişikliyinin təsirinin azaldılması ön plana çıxıb.
“Biz bilmirik ki, iqlim dəyişikliyi daha başqa hansı fəsadları törədəcək. Lakin biz mümkün bütüm ssenarilərə qarşı hazır olmalıyıq.
İnsanlar universitetləri bitirir və iş tapa bilmir. Çünki dövr üçün lazım olan bacırıqlara yiyələnmirlər. Aldığımız təhsil yeni tələb olunan bacarıqlara cavab vermir. Artıq təhsillə yeni dünya arasında uçurum yaranıb. Sanki universitetlər tələbəni özləri üçün hazırlayır”,- deyə o bildirib.
Qeyd edək ki, oktyabrın 4-də ADA Universitetində Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirilir. Əsas məqsəd təhsildə yeni çağırışları müzakirə etmək, ekoloji təhsilə, xüsusilə "yaşıl təhsil" ideyasına diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.