Bakı. Trend:
Təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti ilə bağlı yeni qaydalar müəyyən edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, qeyri-texniki və texniki tədqiqat zamanı toplanılmış, həmçinin dövlət orqanlarından (qurumlarından), fiziki və ya hüquqi şəxslərdən daxil olmuş və ya mediada yayımlanmış məlumatlar əsasında səlahiyyətli qurum təhlükəli ərazilərə dair məlumatları bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə daxil edir.
Təhlükəli ərazidə minatəmizləmə fəaliyyətinə başlanması barədə icraçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), dövlət sərhədinin mühafizəsi aparılan təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti həyata keçirilərkən isə həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 5 (beş) iş günü əvvəlcədən sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat verməli və bu ərazilərdə minatəmizləmə fəaliyyəti həmin orqanla (qurumla) qarşılıqlı əlaqədə həyata keçirilməlidir.
Minatəmizləmə fəaliyyətinin həyata keçirildiyi təhlükəli ərazilərdə işin təşkili ilə əlaqədar icraçılar aşağıdakılara riayət etməlidirlər:
- şəxslərə və yaxınlıqda yerləşən obyektlərə, habelə ətraf
mühitə zərər vurulmasının qarşısının alınması üçün təhlükəsizlik
tədbirlərinin görülməsi;
- təhlükəli ərazilərlə bağlı xəbərdarlıq və işarələmə sistemlərinin
tətbiqi, o cümlədən təhlükəli və təmizlənmiş ərazilərin aydın
şəkildə işarələnməsi;
- minatəmizləyənlər, mexaniki vasitələr (mexaniki minatəmizləmə
maşınları, xüsusi təyinatlı texnikalar və s.) və minatəmizləmə
fəaliyyətinə cəlb edilmiş heyvanlar arasında təhlükəsizlik
məsafələrinin saxlanılması və nəzarət məntəqələrinin qurulması;
- təhlükəli ərazilərdən kənarda zəruri dəstəyin (əməliyyatların
icrası üçün zəruri olan kölgələnəcək, səyyar anbar, brifinq zonası,
nəqliyyat vasitələrinin duracağı və s.) təşkili;
- təhlükəli ərazinin yaxınlığında müvafiq ixtisaslı tibb
işçilərindən, zəruri tibbi vasitələrlə və avadanlıqla təchiz
olunmuş nəqliyyat vasitələrindən ibarət təcili tibbi yardımın
təşkili.
- İcraçı fəaliyyət planına uyğun olaraq ona həvalə edilmiş
təhlükəli ərazilər üzrə bu Qanunun 9.1-ci maddəsində nəzərdə
tutulan informasiya sisteminin məlumat bazasının məlumatlarından
istifadə etməklə qeyri-texniki tədqiqat aparır və onun nəticələri
əsasında müvafiq ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan
texniki tədqiqat planını tərtib edir və səlahiyyətli qurumla
razılaşdırılmaqla icra edir.
- İcraçı bu Qanunun 6.4-cü maddəsində göstərilən texniki tədqiqat
planının icrası nəticələrinə uyğun olaraq hazırlanmış hesabat
əsasında təmizləmə planı tərtib edir və səlahiyyətli qurumla
razılaşdırılmaqla icra edir.
- Texniki tədqiqat və təmizləmə bu Qanunun 5.11-ci maddəsinə uyğun
olaraq qiymətləndirilmədən müvəffəqiyyətlə keçmiş VƏ müvafiq
sertifikata malik minatəmizləyənlər tərəfindən yerinə
yetirilir.
- Aşkar edilmiş partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv
edilməsi tələblərə və standart əməliyyat prosedurlarına uyğun
olaraq həyata keçirilir. Partlayıcı sursatların
zərərsizləşdirilməsi və ya yerləşdiyi ərazidən çıxarılması mümkün
olmadıqda onlar həmin ərazidə məhv edilir. Zərərsizləşdirilmiş və
yerləşdiyi ərazidən çıxarılmış partlayıcı sursatlar təhlükəsizlik
qaydalarına riayət etməklə daşınaraq bu məqsədlə ayrılmış yerlərdə
məhv edilir.
- Partlayıcı sursatların məhv edilməsi zamanı partlayışla əlaqədar
ərazi üzərində hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmin
edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tələblərə uyğun olaraq azı 3 (üç) iş günü
əvvəlcədən rəsmi qaydada məlumatlandırılmalıdır.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.