Bakı. Trend:
Kanadanın Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Azəri Kalqari ulduzları” (“Azeri Calgary Stars”) rəqs qrupu Kalqari şəhərində keçirilən “Avropa xalq rəqsləri” müsabiqəsinin qalibi olub.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, müsabiqədə Azərbaycanla yanaşı Bolqarıstan, Ruminiya, Yunanıstan, Polşa, Ukrayna, Xorvatiya və digər Avropa ölkələrinin nümayəndələri çıxış edib.
Soydaşlarımızın baletin sintezi ilə təqdim etdiyi milli rəqslərimiz münsiflər heyətinin, eləcə də auditoriyanın böyük marağına səbəb olub.
Müsabiqənin ikinci turunda qrup dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasından musiqi ilə çıxış edib.
Azərbaycan rəqs qrupunun çıxışını münsiflər heyəti yüksək qiymətləndirib və “Azəri Kalqari ulduzları”nı 1-ci yerə layiq görüb.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlıq etdiyi və fəaliyyətini dəstəklədiyi Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinin nəzdindəki “Azəri Kalqari ulduzları” rəqs qrupunun uğur qazanmasında, rəqslərin qurulmasında və hazırlanmasında Azərbaycan Xoreoqrafiya Akademiyasının məzunu, "Türksoy Özəl Ödül" müsabiqəsinin laureatı Lalə Aslanurun da böyük əməyi var.