Bakı. Trend:
Gəncədə nöqsan aşkarlanan İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoruna şiddətli töhmət verilib.
Trend xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, idarəyə daxil olan valideyn və vətəndaş müraciətləri operativ şəkildə qeydiyyata alınır və həmin müraciətlər əsasında müvafiq yoxlama-nəzarət tədbirləri həyata keçirilir.
Qeyd edilib ki, təhsil müəssisələrində valideynlərin əlavə
tədris materialları almasına təşviq edilməsi, eləcə də müxtəlif
sınaq imtahanları üçün məcburi şəkildə hər hansı vəsaitin
toplanılması yolverilməzdir:
"Bildiririk ki, Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta
məktəbin fəaliyyəti ilə bağlı yayılan səsyazısı ilə əlaqədar olaraq
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma
aparılıb. Araşdırma nəticəsində ümumi təhsil müəssisəsinin
fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib. Regional Təhsil
İdarəsinin müvafiq əmrinə əsasən adıçəkilən təhsil müəssisəsinin
direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Qeyd edirik ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə təhsil müəssisələrində sistemli və ardıcıl şəkildə yoxlama-nəzarət tədbirləri həyata keçirilir",- deyə qurumdan əlavə edilib.