Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, yaxın günlərdə ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Temperaturun əhəmiyyətli dərəcədə enəcəyi, sulu qar və qar yağacağı, bəzi bölgələrdə yağıntıların intensiv olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı və güclü külək əsəcəyi bildirilir.
Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təhlükəsizlik qaydalarına ciddi riayət etmələri üçün müraciət edib.
Nazirlik xəbərdarlıq edib ki, soyuq hava şəraitində qaz və elektrik qızdırıcılarından istifadənin artması səbəbindən elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, nasaz cihazların istifadəsi, habelə ehtiyatsızlıq yanğın və dəm qazı təhlükəsi yarada bilər. Vətəndaşlara qızdırıcı cihazların istifadəsi zamanı yalnız standart və zavod istehsalı cihazlardan istifadə etmək, cihazların nəzarətsiz qalmamasını təmin etmək və yanar materiallardan uzaqda saxlamaq tövsiyə olunur.
Həmçinin, dağlıq ərazilərdə yaşayan və ya bu bölgələrə səfər edən şəxslərə hava proqnozlarını izləmək, şaxtalı havada mümkün qədər məskunlaşma yerlərini tərk etməmək və təhlükəsizliyə dair tədbirlər görmək tövsiyə edilib.
Güclü külək şəraitində isə müvəqqəti tikililərdən, reklam lövhələrindən, elektrik dirəklərindən və hündür ağaclardan uzaq dayanmaq, yanğın təhlükəsizliyinə xüsusi diqqət yetirmək lazımdır.
Nazirlik hər hansı təhlükə zamanı 112 qaynar xəttinə müraciət etməyi tövsiyə edir.