Bakı.Trend:
Bakı şəhərində nağdsız ödəniş sisteminə qoşulan avtobusların sayı 2022-ci ildə təxminən 1000 ədəd, 2023-cü ildə 1400 ədəd olduğu halda hazırda bu göstərici təxminən 2000 ədədə çatdırılıb.
Trend xəbər verir ki, bu sözləri bu gün nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə heyətinin sədri Anar Rzayev deyib.
O bildirib ki, 2024-cü ildə Bakı şəhəri üzrə daşınan 476 milyon sərnişin üzrə ödənişlərin 77,5%-i nağdsız qaydada olmuş və 2023-cü illə müqayisədə nağdsız ödəniş 17% artm müşahidə edilib.
"79 ədəd yeni avtobus dayanacağı quraşdırılmış, 150 dayanacaq məntəqəsində sərnişinlərin məlumatlandırılması məqsədilə məlumat lövhələri yerləşdirilib”, - deyə sədr qeyd edib.
Qeyd edək ki, Bakı şəhəri üzrə 2024-cü ildə 476 milyon nəfər sərnişin daşınıb, 2023-cü il ilə müqayisədə 28 milyon nəfər sərnişin artımı müşahidə edilib. 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib. Tam yeni avtobusların fəaliyyət göstərdiyi 2 marşrut yaradılmışdır.
200 avtobus təmir edilərək daşımaya qaytarılmış, həmçinin 165 ədəd elektrik avtobusu daşımalara cəlb edilmişdir. Özəl daşıyıcılar tərəfindən 60 ədəd yeni avtobus gətirilmiş və bir hissəsi artıq istismara buraxılmışdır. 2025-ci ildə özəl daşıyıcılar tərəfindən 100-dən artıq avtobusun gətirilməsi gözlənilir.