Bakı. Trend:
Sosial şəbəkələrdə paylaşılan videoları araşdıracağıq.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O bildirib ki, sosial şəbəkələrdə seçkilərlə bağlı edilən paylaşımlar haqqında şikayətlər irəli sürməyə ehtiyac yoxdur.
“Bizim bununla bağlı xüsusi işçi qrupumuz yaradılıb və həmin paylaşımların hər birini qeyd edirlər. Hər biri üzrə araşdırma aparılacaq”,- deyə o əlavə edib.
Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.