Bakı. Trend:
Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı istintaqın ilkin hesabatını dərc edib.
Trend bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Hesabatda bildirilib ki, hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülmüş və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib.
Eyni zamanda, qeyd edilir ki, radioelektron mübarizə sistemi Qroznıda Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin naviqasiya sistemini bloklayıb.
Hesabat məlumatları göstərir ki, ekipaj Qroznıda dispetçerə naviqasiyada nasazlıqlar barədə 04:26-da məlumat verib və təyyarə 05:13-də vurulub.
"05:13:31-də CVR-dən alınan qeydlər əsasən, zərbə səsi qeydə alınır və avtopilotun bağlanması siqnalı işə düşür. [...] 05:13:56 CVR-dən alınan qeydlərə görə, təkrar zərbə səsi qeydə alınır", - hesabatda bildirilir.
Hesabatda həmçinin hava hücumundan müdafiə siteminin raketinin qəlpələri ilə zədələnmiş hidravlik sistemləri aydın şəkildə göstərən fotoşəkillər təqdim olunub.
Xatırladaq ki, AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçan Embraer-190 sərnişin təyyarəsi dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olmaqla 67 nəfər olub.
Qəza nəticəsində 39 nəfər həlak olub, 27 nəfər isə yaralanıb və xəstəxanaya çatdırılıb. Hər iki pilot və bir təyyarə bələdçisi həlak olub, daha iki ekipaj üzvü sağ qalıb.