Bakı. Trend:
Hazırda Azərbaycanda fəaliyyət göstərən 2503 vəkil var.
Trend xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatda deyilir.
Eyni zamanda, hazırda fəaliyyət göstərən 2503 vəkildən 2003 nəfəri kişi, 500 nəfəri qadındır. Həmin şəxslərdən 2034 nəfəri Bakıda, 469 nəfəri isə regionlarda fəaliyyət göstərir.
Bundan əlavə qeyd edilir ki, vəkilliyə test üsulu ilə qəbul çərçivəsində 2004-2018-ci il aralığında (14 il ərzində) 5 yazılı test imtahanı, son 7 il ərzində isə 14 yazılı test imtahanı keçirilib və vəkillərin sayı 3 dəfədən çox artıb.
06.05.2024 və 18.12.2024-cü il tarixlərdə keçirilən ixtisas imtahanlarının yazılı test mərhələlərində ümumilikdə 911 namizəd iştirak edib və 377 nəfər müvəffəqiyyət qazanıb. Eyni zamanda hesabat ili ərzində 148 nəfər şifahi müsahibədə iştirak edib. Bildirmək istərdik ki, bu namizədlərdən 58 nəfərin nəticələri elan olunub və 44 nəfər növbəti mərhələyə keçib, 107 nəfər isə vəkil andı içib.
26.05.2024-cü il tarixdə keçirilən imtahanda müvəffəqiyyət qazanmış namizədlərlə isə hazırda şifahi müsahibə davam edir.