Bakı. Trend:
5 ildən artıqdır ki, Azərkosmosun tərkibində suni intellekt komandası fəaliyyət göstərir. Süni intellektin müsbət təsirləri odur ki, bizə fərdiləşdirilmiş təhsil imkanı verir.
Trend xəbər verir ki, bunu bu gün Azərkosmos, Coğrafi informasiya sistemləri departamentinin Süni intellekt bölməsinin rəhbəri Həmid Əskərov "Gənc müəllimlərin IV şəbəkələşmə Forum”unda çıxışı zamanı deyib.
O bildirib ki, süni intellektdən istifadə uzun müddətdə görülən işləri daha qısa zamanda görməyə şərait yaradır.
"Tam əminliklə deyə bilərəm ki, süni intellektdən istifadə uzun müddətdə görülən işləri daha qısa zamanda görməyə şərait yaradır. Süni intellektin yaranması həyatımızda yeni bir səhifə açacaq. Bunun təhsil sahəsinə də təsirləri olacaq.
Müsbət təsirləri odur ki, süni intellekt bizə fərdiləşdirilmiş təhsil imkanı verir. Süni intellekt şagirdə xüsusi, fərdi təhsil proqramı təqdim edir. Eyni zamanda süni intellektin inkişafı bəzi şagirdlər üçün əvvəllər əlçatan olmayan məsələləri daha əlçatan edir. Bu da təhsildəki bərabərsizliyi aradan qaldırır. Müəllimlər süni intellekt vasitəsi ilə öz proqramlarını şagirdlərin ehtiyacı olduğu formaya dəyişdirə bilirlər. Həmçinin, süni intellekt müəllimlərə mürəkkəb konsepsiyaların izahı zamanı böyük köməkdir. Burada bəzi çatışmazlıqlar var, amma yaxın zamanlarda bunlar da aradan qaldırılacaq",- deyə o əlavə edib.