Bakı. Trend:
Mediator ola bilməyən fiziki şəxslərin siyahısı genişləndirilir.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Mediasiya haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən, din xadimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il (mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanıldığı tarixədək) ərzində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslər mediator ola bilməyəcəklər.
Bundan əlavə, mediator fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin istifadəsində ən azı 2 otaqdan ibarət Mediasiya Şurası tərəfindən müəyyən edilən tələblərə cavab verən ofisi olmalıdır.
Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti 5 il olacaq.
Bu Qanunun 16.2-ci maddəsində göstərilmiş intizam məsuliyyəti tədbirlərindən hər hansı biri tətbiq olunmadan, mediatora şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə biləcək. Xəbərdarlıq intizam tənbehi sayılmayacaq.
Mediasiya Şurası mediatorların və mediasiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi və mediasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə tədbirlər görəcək.
Mediasiya təşkilatı mediatoru 3 (üç) iş günü ərzində təyin edəcək.
Mediasiya tərəfləri bu Qanunun 36.7-ci maddəsində nəzərə tutulmuş hal istisna olmaqla mediasiya xərclərini ödəyəcəklər.