Bakı. Trend:
Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardioloqu Sədaqət Sultanova Nazirliyin rəsmi saytına müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- Sədaqət xanım, stenokardiya nədir və onun yaranma səbəbləri hansılardır?
- Stenokardiya ürəyin işemik xəstəliyinin ən geniş yayılmış
klinik formasıdır. Bu patologiyada ürək əzələsinin (miokardın)
oksigenə tələbatı artır və miokardın oksigenlə təchizatı azalır.
Bunun nəticəsində döş sümüyü arxasında anginoz ağrılar sindromu
əmələ gəlir.
Stenokardiyanın əmələgəlmə mexanizmləri müxtəlifdir. Burada koronar
damarların aterosklerozu əsas rol oynayır. Aterosklerotik proses
nəticəsində damar mənfəzi daralır, qanın axın sürəti azalır, damar
divarında olan dəyişikliklər miokardda qan dövranının pozulmasına
gətirib çıxarır. Stenokardiyada digər mexanizmlərdən damarların
spazmı, iltihab, endotelial disfunksiya yəni damardaraldıcı və
damargenəldici amillərin istehsalının disbalansını da göstərmək
olar.
Stenokardiyanın risk amilləri iki qrupa ayırd edilir. Nəzarət
olunan amillər: artıq bədən çəkisi və ya piylənmə, qeyri-sağlam
qidalanma, fiziki passivlik, tütünçəkmə, alkoqolun istifadəsi,
arterial təzyiqin yüksək olması, şəkərli diabet, lipid
mübadiləsinin pozulması və s. Nəzarət oluna bilməyən risk
amillərinə yaş, cins və genetik meyillilik aiddir.
- Stenokardiyanın əlamətləri hansılardır?
- Stenokardiyanın vacib spesifik əlamətlərindən döş sümüyü
arxasında əmələ gələn sıxıcı, göynədici, yandırıcı ağrılardır.
Ağrılar kürəyə, çiyinə, qola, boyuna, çənəyə, hətta qarın
nahiyyəsinə irradiasiya edə bilər. Ağrıların müddəti adətən 15
dəqiqəyə qədər davam edir. Ağrıların fiziki və ya emosional
gərginlik nəticəsində baş verməsi stenokardiyanın xarakterik
əlamətindəndir. Gərginlik artarsa, ağrılar da çoxalır və əksinə,
istirahət zamanı ağrılar tam dayana bilər. Anginoz ağrılar həm də
dil altına nitroqliserin həblərinin qəbulundan sonra azalır, yaxud
tamamilə yox olur.
Stenokardiya tutması zamanı pasiyentdə hava çatışmazlığı yaranır,
əllərini sinə nahiyəsinə sıxaraq, hərəkətsiz vəziyyət almağa
çalışır. Xəstənin təzyiqi arta bilər və nəbzi taxikardiya, aritmiya
ilə müşaiyət olunur. Uzun sürən stenokardiya tutması miokard
infarktına keçə bilər.
Qeyd edim ki, ağrılar olmaya da bilər və ya ağrıların ekvivalenti
kimi təngnəfəslik, xoşagəlməz hissiyat, diskomfortu göstərmək olar.
Sadaladığım simptomlar gərginlik stenokardiyaya xasdır.
Stenokardiyanın digər formaları da mövcuddur. Məsələn, sakitlik
stenokardiyasında ağrı tutmaları fiziki gərginliklə əlaqəli deyil,
əsasən sakitlikdə və çox vaxt gecələr baş verir. Vazospastik
stenokardiyada ağrılar spontan olaraq damarların spazmı nəticəsində
əmələ gəlir. Stenokardiya tutmaları yalnız sakitlik halında, gecə
saatlarında və ya səhər tezdən inkişaf edir.
Mikrovaskulyar stenokardiyada ağrılar həm fiziki gərginlik zamanı,
həm də fiziki gərginlikdən sonra əmələ gəlir. Stenokardiyanın bu
forması postklimakterik dövrdə olan qadınlarda daha çox təsadüf
edilir. Mikrovaskulyar stenokardiya iri koronar arteriyalarda
aterosklerotik dəyişikliklərin olmaması və koronar arteriyaların
distal nahiyyəsində funksional və morfoloji pozğunluqların olması
ilə xarakterizə olunur. Vazospastik və mikrovaskulyar
stenokardiyalar qeyri-obstruktiv işemik xəstəliyinə aiddir.
- Stenokardiya diaqnozu yalnız xəstənin şikayətləri əsasında qoyula bilərmi?
- Təbii ki, xəstənin şikayətləri stenokardiya diaqnozunun
qoyulmasında əsas yer tutur. Lakin patologiyanın
dəqiqləşdirilməsində laborator və instrumental müayinələr kömək
edir. Laborator müayinələrdən qanda ümumi xolesterin və lipid
fraksiyaların, laxtalanma parametrlərin, kardiomiosit
zədələnməsinin spesifik biomarkerlərin, karbohidrat mübadiləsi
pozulmasının göstəricilərinin səviyyələri yoxlanılmalıdır.
İnstrumental müayinələrdən xəstəyə ilk növbədə elektrokardioqram
(EKQ) çəkilməlidir. Lazım gələrsə, sutkalıq EKQ monitorinqi
aparılmalıdır. Ürəyin ultrasəs müayinəsi, yəni exokardioqrafiya
(EXOKQ) tövsiyə olunur. Bu üsullar miokardda işemik dəyişikliklərin
olmasını və ürək əzələsinin yığılma qabiliyyətini göstərir.
Koronaroqrafiya stenokardiya olan pasiyentlərdə vacib müayinə
üsullarındandır. Xüsusi kontrast maddə yeridilməklə, rentgen
şuaları altında ürək damarları müayinə olunur. Koronaroqrafiya
zamanı koronar arteriyalarda daralmalar aşkar edilərsə, ballon
angioplastik əməliyyat vasitəsilə genişləndirilir.
Zərurət yaranarsa, ürəyin kompyuter tomoqrafiyası (KT) məsləhət
görülür. Ürək quruluşunu, koronar damarların vəziyyətini
qiymətləndirən, yüksək dəqiqliyə malik olan qeyri invaziv
diaqnostik üsuldur. Ürəyin işemik xəstəliyində son zamanlar
informativ müayinə üsulu kimi ürəyin Maqnit rezonans tomoqrafiyası
(MRT) geniş istifadə olunur. Bu metodla ürəyin canlı hüceyrələrinin
təyini, kardiomiopatiyaların səbəblərini, ürək törəmələrinin
differeniasiyası, qapaq xəstəliklərin təyini dəqiqliklə
aparılır.
Beləliklə, müasir dövrdə ürəyin işemik xəstəliyi diaqnozunu
təsdiqləmək məqsədi ilə çoxsaylı diaqnostik prosedurlar tətbiq
olunur.
- Stenokardiyanın müalicəsi nədən başlanılmalı və necə aparılmalıdır?
- Stenokardiyanın müalicəsi hərtərəfli olmalıdır. İlk növbədə
xəstə həyat tərzini dəyişdirməli, pis vərdişlərdən çəkinməli və
həkimin tövsiyələrinə riayət etməlidir. Qeyri-medikamentoz müalicə
risk amillərinin korreksiyasından ibarətdir. Xəstə öz bədən
çəkisini azaltmalı, fiziki daha aktiv olmalı, siqaret və alkoqoldan
imtina etməli, stresdən qorunmalıdır.
Medikamentoz müalicədə son tövsiyələrə uyğun müxtəlif dərman
preparatları istifadə olunur. Xəstəyə effektiv kompleks müalicəni
yalnız mütəxəssis təyin edə bilər. Antiişemik terapiya miokardın
oksigenə tələbatını azaldır, antitrombotik dərmanlar trombun əmələ
gəlməsinin qarşısını alır, lipidendirici terapiya xolesterin,
triqliseridlərin səviyyələrini azaltmağa nail olur. Bundan əlavə,
arterial təzyiqin və qanda qlükoza göstəricilərin korreksiyası çox
önəmlidir.
Stenokardiyanın cərrahi müalicəsi angioplastika və ya koronar
arteriyanın daralmış hissəsinin stentlənməsi, aorto-koronar
şuntlama əməliyyatı vasitəsilə aparılır.
- Bu patologiya vaxtında müalicə olunmasa fəsadı nə ola bilər?
- Qeyd etmək istəyirəm ki, stenokardiyada erkən müdaxilənin olmaması miokard infarktına və ürək çatışmazlığına gətirib çıxara bilər. Hər bir pasiyentdə sadaladığım şikayətlər yaranarsa, dərhal həkimə müraciət olunmalıdır. Çünki oxşar şikayətlər miokard infarktın başlanğıcında da müşahidə oluna bilər. Burada tez bir zamanda differensiasiya aparılmalıdır və müvafiq təcili tədbirlər görülməlidir.
- Doktor, ağırlaşmaların riskini necə azaltmaq olar?
- Ən sadə profilaktika – sağlam həyat tərzi: düzgün qidalanma,
gündəlik rejimə riayət, pis vərdişlərdən imtina etmək.
İkincili profilaktika çox vacibdir. Xəstə həkimin təyinatına əməl
etməlidir. Pasiyentdə komorbid vəziyyətlər nəzərə alınmalıdır və
risk amillərin korreksiyası aparılmalıdır. İlk növbədə arterial
təzyiqə nəzarət olmalıdır. Normal qan təzyiqi olan insanlarla
müqayisədə hipertenziyası olan pasiyentlərdə koronar arteriya
xəstəliyinin riski 3-4 dəfə çoxdur. Belə xəstələrdə insult riski 7
dəfə artır. Ona görə, rasional antihipertenziv müalicə vasitəsilə
qan təzyiqin rəqəmləri hədəf rəqəmlərə çatmalıdır.
Lipid mübadiləsinin nəzarəti vacib bəndlərdən biridir. Qan
damarlarında aterosklerotik dəyişikliklərin əsasını onların
divarlarında lipid komplekslərinin çökməsi təşkil edir. Bu da
damarların mənfəzinin daralmasına gətirib çıxarır. Xolesterin və
onun fraksiyalarının endirilməsi ürək-damar fəsadlarının inkişaf
riskini xeyli azaldır.
Bundən əlavə, bədən çəkisinə nəzarət çox önəmlidir. Artıq çəki və
piylənmə koronar arteriya xəstəliyi hallarının 17-23%-nin
inkişafını əvvəlcədən müəyyənləşdirir. Bədən çəkisinin cəmi 5-10%
azaldılması işemiyanın inkişaf riskinin qarşısını alır.
Siqaretdən tamamilə imtina etmək məsləhət görülür. Bu pis vərdiş
stenokardiyanın inkişaf riskini artırır.
Stenokardiya kifayət qədər ciddi xəstəlikdir. Onun rasional
müalicəsi həm miokard infarktın riskini azaldır, həm də xəstənin
həyat keyfiyyətini yaxşılaşdırır.