Bakı. Trend:
ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum təkcə növbəti ekspert platforması deyil. Bu tədbir Azərbaycanın yeni qlobal düzənin formalaşmasında fəal iştirak edən subyekt kimi mövqeyini konseptual və simvolik şəkildə ortaya qoyan siyasi akt cayıla bilər. Forum siyasətçiləri, strateqləri, diplomatları və akademikləri bir araya gətirərək təkcə dünyadakı dəyişiklikləri müzakirə etməyi deyil, həm də mürəkkəb tarixi keçmişə malik regionların – o cümlədən Cənubi Qafqazın – artıq məsuliyyət, seçim və liderlik zonalarına çevrildiyini nümayiş etdirdi.
Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda etdiyi çıxış, yalnızca bölgə ölkələrinə deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan ciddi mesajlar idi. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, Ermənistanla normallaşma prosesinin konturlarını, mümkün sülh sazişinin şərtlərini və regionda gələcək əməkdaşlıq imkanlarını aydın şəkildə ortaya qoyur. Bu çıxış həm də Azərbaycanın geosiyasi baxışının, regional transformasiya layihələrinin və təhlükəsizlik arxitekturasının konturlarını müəyyənləşdirir.
Ukraynada müharibə, təkqütblü dünya modelinin çökməsi, enerji və logistika marşrutlarının dəyişməsi ilə daha da güclənmiş geosiyasi qeyri-sabitlik kiçik və orta dövlətlər qarşısında əsaslı bir sual qoydu: bu yenidənqurmanın obyekti olmaq, yoxsa subyekti? Azərbaycan bu paradiqmada birmənalı olaraq subyektdir və ADA-da keçirilən forum bunu bir daha sübut etdi.
Məsələn, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq.
Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: “Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik”. İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir.
Bu gün Azərbaycan Avrasiya konfiqurasiyasında əsas mövqe tutur. Bu, sadəcə ritorika deyil. Xəzər dənizi ilə Qara dəniz, Rusiya ilə İran, Türkiyə ilə Mərkəzi Asiya arasında yerləşən Azərbaycanın coğrafiyası artıq çoxdan geosiyasətə çevrilib. Son iyirmi ildə Azərbaycan regionun ən mühüm enerji və logistika mərkəzinə çevrilib. Belə ki, Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri daxil olmaqla, Kaspiy ilə Cənubi Avropanı birləşdirir və Avropa İttifaqının Rusiya qazından asılılığını azaldır. Xəzər sahilində yerləşən Bakı limanı Çin ilə Avropa arasında yerləşən ən böyük limandır. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi və Transxəzər marşrutu Azərbaycandan keçərək Hindistanı Avropa ilə birləşdirir.
Bu nailiyyətlər coğrafi bəxtdən yox, strateji düşüncədən qaynaqlanır. Bakı Macarıstan, İtaliya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Rumıniya daxil olmaqla, çoxsaylı dövlətlərlə strateji sazişlər imzalayaraq çoxsəviyyəli qarşılıqlı asılılıq şəbəkəsi yaradıb.
2020-ci ildə Qarabağın azad olunmasından sonra Azərbaycanın münaqişədən sonrakı quruculuq yanaşması unikal modeldir. Bu yanaşma sadəcə ərazilərin bərpası ilə yekunlaşmır, əksinə, “pozitiv sülh” konsepsiyasına əsaslanır – yəni müharibələr arasında fasilə yox, davamlı, institusional nizam forması.
Forumda Prezident İlham Əliyev xüsusi bir məqama diqqət çəkdi: beynəlxalq ekspertlərin azad edilmiş əraziləri ziyarət etməsi və dağıntıların real miqyasını görməsi. Bu, həm humanitar anlamda münaqişənin dərkidir, həm də diplomatik mesajdır - Azərbaycan təkcə qələbə qazanmır, həm də qurur.
ADA Universitetində keçirilən forum bu xəttin davamı oldu - Azərbaycanı regionda sülhün institusional təminatçısı kimi təqdim etdi. Ermənistandan fərqli olaraq, hansı ki, impulsları xaricdən alır, Azərbaycan suverenlik, iqtisadiyyat və nəqliyyat üzərində qurulmuş orqanik sülh modeli təklif edir.
Prezident İlham Əliyevin forumda səsləndirdiyi hər bir bəyanat strateji məna daşıyır. Bunlar sadəcə mövcud vəziyyətin şərhi deyil, həm də yeni siyasi arxitekturanın konturlarını cızan planlardır.
“Top erməni tərəfindədir” - Qərbə ünvanlanmış mesajdır: Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirib. Sülh müqaviləsinin imzalanmamasının məsuliyyəti Bakıya deyil, İrəvana aiddir. “Əfsuslar olsun ki, Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb” - Bu, konfliktin dəyəri ilə bağlı məsələdir və göstərir ki, məhz Ermənistanın işğalçı siyasəti inteqrasiyanın qarşısını aldı. Bəzi qüvvələr Azərbaycanı proseslərdən çıxarmağa çalışırlar. Bu, birbaşa xarici müdaxiləyə qarşı yönəlmiş xəbərdarlıqdır.
Bu bəyanatlara yeni diplomatik reallıq prizmasından yanaşmaq lazımdır: Azərbaycan döyüş meydanından forum salonuna keçərək, yeni regional düzənin memarına çevrilir.
Forumda Azərbaycanın və Ermənistanın yanaşmaları arasındakı fərq birmənalı şəkildə üzə çıxdı. Ermənistan qarşıdurma və asılılıq paradiqmasında ilişib qalıb. Azərbaycan isə heç bir şərt və güzəşt olmadan, ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh, enerji və nəqliyyat təşəbbüslərində birgə iştirak, həmçinin infrastruktur vasitəsilə qarşılıqlı asılılığın tədricən qurulmasını təklif edir.
Ermənistansa hələ də Fransa, Aİ və ABŞ kimi xarici qüvvələrə üz tutur. Bu yanaşma onu prosesin subyekti deyil, alətinə çevirir və izolyasiyasını daha da dərinləşdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan enerji marşrutlarının bir hissəsi ola bilərdi, lakin “böyük Ermənistan” xülyası bu imkanı əldən aldı.
Azərbaycanın Ermənistan qarşısında irəli sürdüyü əsas tələblər son dərəcə açıq və beynəlxalq hüquqa əsaslanandır: Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tanınması, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son verilməsi və real siyasi iradənin nümayiş etdirilməsi. Prezident İlham Əliyevin dediyi kimi:
“Biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq”.
Bu bəyanat Azərbaycanın sülhə açıq olduğunu, lakin bu sülhün prinsipial və hüquqi təməl üzərində qurulmalı olduğunu göstərir. Azərbaycanın tələbi sadəcə status-kvonun qorunması deyil, bölgədə davamlı və real inteqrasiyaya yönəlmiş yeni münasibətlərin formalaşdırılmasıdır.
Prezident İlham Əliyevin qeyd etdiyi başqa bir mühüm aspekt Ermənistanın özünün geoiqtisadi perspektivlərini yanlış hesablaması və özünü könüllü şəkildə təcrid etməsidir: “Ermənistan Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün tranzit ölkəyə çevrilə bilərdi... Bu, onların səhvidir. Onlar öz gələcək inkişaflarını səhv hesabladılar və beləliklə, özlərini iqtisadi gələcəklərindən məhrum etdilər”.
Bu mesaj, əslində Ermənistan cəmiyyətinə yönəlmiş bir xəbərdarlıq və çağırışdır: sülh və əməkdaşlıq, iqtisadi inkişafın və sabitliyin əsas şərtidir. Ermənistan nə qədər ki, revizionist yanaşmalarla yaşamaqda israr edir, bir o qədər də regional proseslərdən kənarda qalacaq.
Azərbaycanın mövqeyi yalnız prinsipial deyil, eyni zamanda mərhələli və realistdir. Prezident İlham Əliyevin vurğuladığı kimi: "Lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik".
Bu cür yanaşma postsovet məkanında nadir hallarda rast gəlinən strateji sabitlik modelidir. Etimadın qurulması üçün təqdim olunan konkret təkliflər – jurnalistlər və ziyalıların səfərləri, transsərhəd çaylar üzrə əməkdaşlıq, ekoloji təhlükələrin birgə müzakirəsi – sadəcə diplomatik jest deyil, praktik mexanizmlərlə etimad mühitinin formalaşdırılması niyyətini əks etdirir. “Əgər biz Azərbaycan istiqamətində bu məsələləri müzakirə edə bilsək, yaxşı olar... Bu, illər tələb edəcək, lakin biz bununla azalda bilərik”, - dövlətimizin başçısı deyib.
Bu cür mərhələli və məqsədyönlü yanaşma regionda uzunmüddətli sabitlik üçün ciddi əsaslar yarada bilər.
Prezident İlham Əliyevin bu çıxışı həm də Cənubi Qafqazda yaranmaqda olan yeni geosiyasi arxitekturanın konturlarını göstərir. Əgər Ermənistan rasionallıq göstərərsə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında enerji, ticarət, nəqliyyat və ekoloji təhlükəsizlik sahələrində əməkdaşlıq qurula bilər. Bu, yalnız üç ölkənin deyil, həm də Avropa İttifaqı, Mərkəzi Asiya və Çin arasında uzanan geniş Avrasiya platformasının bir hissəsi ola bilər.
Hazırda Azərbaycan artıq özünü regional enerji və nəqliyyat mərkəzinə çevirmiş bir dövlətdir. Ermənistan bu imkanlardan kənarda qalaraq həm iqtisadi resurslardan, həm də geosiyasi təsirdən məhrum olur. Əgər bu ölkə daxili siyasi iradəsini toparlayıb revanşist ideologiyadan imtina edərsə, bölgədəki yeni inteqrasiya layihələrinin iştirakçısına çevrilə bilər.
Prezident İlham Əliyevin çıxışı təkcə diplomatik bəyanat deyil, postmünaqişə dövrü üçün strateji yol xəritəsidir. Azərbaycan öz tərəfinə düşəni açıq şəkildə ifadə edir: sülh istəyi var, amma bu, güzəşt yox, hüquq və reallıq üzərində qurulmalıdır.
Sülh sazişinin imzalanması tarixi bir mərhələ ola bilər, lakin onun reallaşması üçün etimad quruculuğu, mərhələli iqtisadi əməkdaşlıq və qarşılıqlı siyasi iradə vacibdir. Ermənistan bu çağırışlara cavab verərsə, Cənubi Qafqazda inteqrasiya olunmuş, dayanıqlı və proqnozlaşdırılan bir gələcək mümkündür. Əks təqdirdə, bu ölkə bir daha öz tarixinin səhvlərini təkrarlayacaq və regional inkişafdan kənarda qalacaq.
Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması təkcə iki dövlət üçün yox, bütün region üçün imkanlar pəncərəsini aça bilər. Belə bir vəziyyətdə:
- Zəngəzur dəhlizi XXI əsrin İpək Yolunun bir hissəsinə çevrilə bilər
- Ermənistan İran körfəzi, Aralıq dənizi və Xəzər dənizinə çıxış qazana bilər
- Hərbi blokların rolu azalacaq, iqtisadiyyatın rolu artacaq
- Cənubi Qafqaz Təhlükəsizlik Şurası və ya infrastruktur komissiyası kimi mexanizmlər yaradıla bilər
Başqa sözlə, sülh nəticə deyil, başlanğıcdır. Azərbaycan bu mərhələyə hazırdır. Prezident İlham Əliyev bunu açıq şəkildə demişdi: “Biz vaxt itirmək istəmirik.” Ancaq bu vaxtı Ermənistan itirir.
Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru” forumundakı çıxışı təkcə ölkənin mövqeyini bəyan edən siyasi mesaj deyildi – bu çıxış həm də xəbərdarlıq idi. Açıq və ya dolayı yollarla dövlətimizin başçısı Azərbaycana qarşı strateji subyektivliyin sıradan çıxarılmasına yönəlmiş xarici təsirlərə işarə etdi. Bu, daha geniş bir mənzərənin tərkib hissəsidir: Cənubi Qafqaz bu gün müxtəlif geosiyasi layihələr - Avropanın “Şərq Tərəfdaşlığı” təşəbbüsündən tutmuş qeyri-formal anti-Rusiya və ya anti-Türkiyə ittifaqlarına qədər - arasında rəqabət meydanına çevrilib.
Cənubi Qafqazı “bölmək” cəhdləri əslində geosiyasi ikili standartların təzahürüdür. Bu standartlara görə, bir dövlətin suverenliyi dəyişkən parametr kimi qəbul edilir, digərininki isə “toxunulmaz konstant” kimi nəzərdən keçirilir.
Bu cəhdlərin konkret təzahürləri 2020-ci ilin reallıqlarını və ərazilərin qaytarılmasını nəzərə almadan “sülh təşəbbüsləri”nin zorla gündəmə gətirilməsi, özünü əvvəllər “neytral vasitəçi” kimi təqdim edən dövlətlər tərəfindən Ermənistana hərbi və kəşfiyyat dəstəyi və Bakı olmadan alternativ platformaların yaradılmasıdır (fransız-erməni ittifaqlarından tutmuş erməni-azərbaycan sərhədində “beynəlxalq nəzarət” təşəbbüslərinə qədər)
Bununla belə, Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bu proseslərə qarşı aydın və prinsipial xətt tutur: Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdləri birmənalı şəkildə uğursuz olacaq. Bu mövqe regionda siyasi segregasiyaya qarşı diplomatik revanşdır.
ADA Universitetində keçirilən forum sadəcə diplomatik tədbir deyil. Bu, regional liderliyin yeni formasının prototipi idi. Azərbaycan qlobal mövzuları öz ərazisində müzakirə etməkdən çəkinmir. Ölkə yalnız dostlarını deyil, tənqidçilərini də foruma dəvət edir. Bu, özünəinamın göstəricisidir. Forumlar Bakı ilə Budapeşt, Tbilisi, Astana, Brüssel və Pekin arasında siyasi və intellektual əlaqə düyünləri yaradır. Siyasi qərarların formalaşmasında intellektual elitanın rolu artır. Bu, dövlətin siyasəti sonradan bəyan edən mexanizm deyil, onun konturlarını öncədən cızan mexanizmdir.
Bu kontekstdə forumun özü “yumşaq gücün proyeksiyası”dır. Bu güc ideyalarla, dialoqla, hekayələrlə (narrativlərlə) həyata keçirilir.
Əvvəllər Cənubi Qafqaz tez-tez geosiyasi güclərin maraqlarına xidmət edən periferiya kimi dəyərləndirilirdi. Lakin bu gün Azərbaycan apardığı müstəqil və praqmatik siyasətlə özünü yeni marşrutların, alyansların və formatların “toplanma nöqtəsi”nə çevirir. Bakı Qazaxıstan və Özbəkistanla xüsusi münasibətlər qurur - bu isə Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsində şərq qütbünü formalaşdırır. Türk Dövlətləri Təşkilatının aktivləşdirilməsi Azərbaycanın çoxqütblü dünya sistemində katalizator kimi rolunu artırır. Azərbaycan Rumıniya və Macarıstan vasitəsilə Avropa İttifaqına çıxış əldə edir - lakin bu əməkdaşlıq birtərəfli himayəyə deyil, qarşılıqlı marağa əsaslanır.
Beləliklə, Azərbaycan “mərkəz-periferiya” modelini dağıdaraq şəbəkə modelini – çoxvektorlu, elastik və praqmatik yanaşmanı formalaşdırır.
Forumda dəfələrlə qeyd olundu ki, Azərbaycan Avrasiyanın yeni logistika və enerji arxitekturasında mərkəzi rola sahibdir. Prezident İlham Əliyev bunu birbaşa ifadə etdi: “Ermənistan Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün tranzit ölkəyə çevrilə bilərdi”.
Rəqəmlər də reallığı təsdiqləyir. Belə ki, 2023-cü ildə Azərbaycan Avropa İttifaqına 8 milyard kubmetrdən çox qaz ixrac edib. Transxəzər multimodal marşrutunun 70 faizə yaxın hissəsi Azərbaycanın ərazisindən keçir. Azərbaycan milyardlarla dollarlıq infrastruktur sərmayələri yatırıb: Ələt limanı, dəmir yolları, rəqəmsal dəhlizlər
Bütün bunlar Bakını enerji sabitliyinin təminatçısına çevirir. Bu, xüsusilə Avropada Rusiya qazından imtina fonunda yaranmış enerji böhranı şəraitində həyati əhəmiyyət kəsb edir. Azərbaycan artıq təkcə xammal ixrac edən yox, həm də logistikanı idarə edən dövlətə çevrilib.
“Yeni dünya nizamına doğru” forumu bir reallığı təsdiqlədi: universal qayda anlayışı artıq işləmir. Hər bir ölkə öz modelini axtarır, öz təhlükəsizlik və inkişaf nizamını qurmağa çalışır. Bu kontekstdə Azərbaycan azsaylı ölkələrdən biridir ki, regional nizam layihəsi təklif edir. Bu model suverenliyə hörmət, iqtisadi qarşılıqlı asılılıq, tarixi yaddaş və hüquq üzərində legitimlik, həmçinin xaricdən idxal edilən deyil, daxildə təmin olunan təhlükəsizlik kimi prinsiplərə əsaslanır.
Məzkur yanaşma həm “qlobal Qərbin” xaosuna, həm də böyük güclərin imperialist müdaxilələrinə qarşı çevrilmiş sistemli cavabdır. Azərbaycan “kiçik və orta dövlətlər arasında sülh” ideyasını irəli sürür və regional arxitekturanın möhkəmlənməsinə töhfə verir.
Azərbaycan tarixin dəhlizində gözləməyəcək.
Cənubi Qafqaz böyük dövlətlərin arxa meydanı deyil, modernləşmə cəbhəsinin ön xəttidir.
Sülh yalnız reallıqlar üzərində qurularsa mümkündür, xülyalar üzərində yox.
Azərbaycan artıq proseslərin iştirakçısı yox, yeni Avrasiya dövrünün memarlarından biridir.